Zəfərimizin 5-ci ildönmünü fərqli reallıqda qeyd edirik- ÖZƏL

"Biz Zəfərimizin 5-ci ildönmünü o, dərhal əldə ediləndən və birinci, ikinci, üçüncü, hətta dördüncü ildönümündəkindən də həm fərqli bir hisslə, həm də fərqli reallıqda qeyd edirik. 2020-ci ildə ordusu darmadağın edilən Ermənistanın təslim olmasıyla bizim regionda geosiyasi dəyişiklik baş verdi. Amma geosiyasi dəyişiklik hələ mövcud geosiyasi reallığın əhəmiyyətli dərəcədə, yaxud da tam aradan qaldırılması demək deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Məhz bunun baş verməməsi üçün Rusiyanın hərbi kontingenti Qarabağa yeridilmişdi. Ona görə də ikinci Qarabağ savaşında qazanılan zəfərlə baş verən geosiyasi dəyişikliyə, belə demək mümkünsə onun sistemli xarakter almasını təmin edən ardıcıl düzəlişlərə ehtiyac vardı ki, 2021, 2022, 2023-cü ildə keçirilən lokal əməliyyatlar bundan irəli gəlirdi. Həmən əməliyyatlara isə Rusiyanın yanaşması necə idisə, Qərbinki də o cür idi. Qərbdəkilər öz narazılıqlarını hətta daha yüksək səslə bildirirdilər. Nə qədər təəccüblü olsa da, Rusiya hərbi kontingenti Qarabağı tərk edəndə də Yelisey Sarayının, eləcə də Bayden-Blinkenin cütlüyünün  reaksiyası göstərdi ki, onlar buna nəinki sevinirlər, əksinə qarşı çıxırlar. Həm də bilə-bilə ki, bu, Ukrayna cəbhəsində üz-üzə dayandıqları, az qala düşmən gözündə gördükləri bir ölkənin bizim regiondakı mövqelərinə heç də təsirsiz ötüşməyəcək. Bunun bir çox səbəbi vardı. Onlardan biri bu idi ki, qərbdəki bəlli çevrələr bizim regiondakı proseslərə 21-ci əsrdə də 1878-ci il Berlin Konqresinin drektivləri prizmasından yanaşırdılar. Amma ən əsas səbəb, böyük güclərdən heç birinin, bu regiondakı dövlətlərin və təbii ki, bütövlükdə regionun beynəlxalq subyektliyini istəməmələri ilə bağlıydı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31