Zəngilanda diplomatik korpus üçün brifinq keçirildi

Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün brifinq keçirilib.

APA  xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev brifinq zamanı Vaşinqton sammiti sülh prosesinə siyasi dəstəyindən söhbət açıb.

O bildirib ki, sammitin əsas məqsədi sülhü təmin etmək olub. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan və Ermənistan sülhü müəyyənləşdirmək prosesindədir və sülhdən sonra əsas məsələ Azərbaycan və Ermənistan arasında real əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulmasıdır. Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın niyyəti daha geniş bölgəyə sülhün iqtisadi faydalarını gətirməkdir.

Hikmət Hacıyev çıxış zamanı Zəngəzur dəhlizinin Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malik olduğunu da deyib: "Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında böyük üstünlüklər yarada bilər. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək, rifah, əməkdaşlıq və qarşılıqlı əlaqəni gücləndirmək potensialına malikdir. Bu prosesdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan xüsusi diqqət və əhəmiyyət qazanacaq. Müzakirə etdiyimiz kimi, Zəngilan əvvəllər Azərbaycanın uzaq bölgələrindən biri hesab olunurdu, lakin indi o, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşən strateji və mərkəzi bölgələrdən birinə çevrilir. Azərbaycan bu yolların tikintisi və inkişafında əsas rol oynayır, öz hissəsini mümkün qədər tez tamamlayır".

Birifinqdə həmçinin rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov da çıxış edib. O, çıxışında Azərbaycanın İranla sərhədində yerləşən Ağbənd kəndində yeni sərhəd-keçid məntəqəsinin inşasının davam etdiyini və gələn il tamamlanmasının planlaşdırıldığını deyib. Nazir müavini qeyd edib ki, Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat şəbəkəsi üçün tamamilə yeni geoiqtisadi reallıqlar yaradacaq.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu layihə iqtisadi və sosial inteqrasiyanın mühərrikinə çevrilmək potensialına malikdir: "Dəhliz enerji və kommunikasiya infrastrukturu üçün də platforma rolunu oynayacaq. Bu gün gördüyünüz kimi, Azərbaycan artıq bu dəhlizin reallaşması istiqamətində mühüm addımlar atıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı bərpa proqramı bu əraziləri ölkənin yeni inkişaf mərkəzlərinə çevirməyi hədəfləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31