Bəhruz Quliyev: Vardanyanla bağlı iddialar hüquqi yox, siyasi manipulyasiyadır – ÖZƏL

"Erməni əsirlərin vəkili Siranuş Saakyanın Ruben Vardanyanın müdafiə hüququ ilə bağlı səsləndirdiyi iddialar, əslində, hüquqi deyil, siyasi xarakter daşıyır. Ermənistan cəmiyyətində Vardanyan məsələsinin hələ də manipulyasiya predmeti kimi istifadə olunması bu açıqlamanın arxasında duran əsas motivi aydın göstərir. Məlumdur ki, Ruben Vardanyan Azərbaycanın suveren ərazisində törədilmiş cinayətlərdə ittiham olunur və onun barəsində istintaq prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılır. Hər bir təqsirləndirilən şəxs kimi onun da müdafiə hüququ, vəkil seçmək imkanı təmin edilib. Lakin Ermənistan tərəfinin "ədalətsiz proses", "erməniofobiya" kimi ifadələr işlətməsi sübut bazasından çox, siyasi ritorikaya xidmət edir". 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. 

"Qeyd etmək lazımdır ki, Saakyanın "422 cildlik iş materiallarına çıxışın olmaması" barədə iddiası da faktlarla uzlaşmır. Azərbaycan hüquq sistemi şəffaflıq prinsiplərinə əsaslanır və beynəlxalq müşahidəçilər də bu proseslərdə iştirak edə bilirlər. Əgər Vardanyan və ya onun ailəsi tərəfindən müəyyən hüquqi narazılıq varsa, bu, istintaq orqanlarına və məhkəməyə təqdim edilə bilər. Lakin bu ictimai fikri çaşdırmaq cəhdi kimi istifadə olunmamalıdır," - deyə siyasi şərhçi bildirib.

Ekspert qeyd edib ki, diqqətçəkən məqam ondan ibarətdir ki, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atıldığı bir vaxtda bu cür bəyanatlar ortaya çıxır. Ermənistan daxilində bəzi dairələr sülh prosesinin irəliləməsindən narahatdır və Vardanyan kimi fiqurları "qurban obrazı" kimi təqdim edərək siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.

B.Quluyev əlavə edib ki, əslində, bu iddiaların məqsədi beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə təbliğat aparmaq, prosesin obyektivliyinə kölgə salmaq və Ermənistan daxilində revanşist qüvvələrin mövqeyini möhkəmləndirməkdir. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan hüquqi dövlət prinsiplərinə sadiq qalaraq, istintaq və məhkəmə işlərini qanun çərçivəsində aparır.

"Hesab edirəm ki, Saakyanın və ona bənzər açıqlamaların hüquqi əsası yoxdur və bu cəhdlər, əslində, regionda sülh və ədalətin bərqərar olmasına mane olmaqdan başqa bir məqsəd daşımır," - deyə ekspert vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31