Cənubi Qafqazda yeni mexanizm: İşçi qruplar real əməkdaşlıq gətirəcəkmi?- ÖZƏL
15:18 SiyasətABŞ Dövlət Departamenti ilin sonunadək Azərbaycan və Ermənistanla İşçi qruplarının yaradılacağını təsdiqləyib. Bu, avqustda Vaşinqtonda imzalanmış sənədlərin icrası və ABŞ-Azərbaycan-Ermənistan əməkdaşlığının yeni mərhələsi kimi dəyərləndirilir. Ermənistanda bu addım Rusiyanın bölgədəki təsirinin azalması, ABŞ-ın isə Cənubi Qafqazda möhkəmlənməsi kimi şərh olunur. 
Analitiklər hesab edir ki, Vaşinqton regionu yeni nəqliyyat və enerji dəhlizlərinin mərkəzi kimi görür və iqtisadi əməkdaşlıq mexanizmlərini siyasi təsir alətinə çevirir.
ABŞ-ın təşəbbüs göstərdiyi bu İşçi qruplar Cənubi Qafqazda yeni siyasi balans yarada bilərmi?
"ABŞ-ın Azərbaycan və Ermənistanla İşçi qruplarının yaradılması, əsasən, praktiki əməkdaşlıq məqsədi daşıyır. Bu qruplar enerji, nəqliyyat və mina təmizləmə sahələrini əhatə edə bilər, yəni real gündəlik problemlərə yönəlib". 
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Azərbaycan üçün bu mexanizm maraqlar çərçivəsində qiymətləndirilir və tərəf yalnız qarşılıqlı fayda prinsipi ilə əməkdaşlıq edəcək. Ermənistan isə ABŞ-ın regiondakı mövqeyinin artmasını öz təhlükəsizlik və xarici siyasət strategiyasına uyğun qiymətləndirir. İşçi qruplar regionda müəyyən balans yaradaraq praktiki problemlərin həllinə xidmət edə bilər. İşçi qruplar həm də mina təmizləmə kimi praktik faydalar gətirir. Eyni zamanda, enerji və nəqliyyat layihələri regionun iqtisadi inteqrasiyasını gücləndirə bilər. Yeni mexanizmlərin davamlılığı tərəflərin maraqlarını qorumaqla mümkün olacaq. İşçi qruplar həmçinin tərəflər arasında qarşılıqlı anlaşmanı artırmaq potensialına malikdir. Qısacası, bu təşəbbüs regionda gərginliyi azaltmaq və praktiki əməkdaşlığı gücləndirmək üçün vacib addımdır. Azərbaycanın mövqeyi sabitlik və qarşılıqlı fayda prinsipləri üzərində qurulub". 
Zeynəb Mustafazadə
 
    