AP-nin Ermənistan hesabatı: Rusiya, kilsə və diaspora Paşinyana qarşı birləşir- ÖZƏL
12:27 SiyasətAvropa Parlamentinin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı sənədində vurğulanır ki, Qarabağ məğlubiyyətindən sonra Nikol Paşinyan ciddi siyasi zəifləmə ilə üzləşib və bu, martdakı yerli seçkilərdə partiyasının zəif nəticələrində öz əksini tapıb. Sənədə görə, Bakıya ediləcək istənilən güzəşt xüsusilə konstitusiya dəyişikliyi 2026-cı il parlament seçkiləri ərəfəsində müxalifət və diaspor tərəfindən Paşinyana qarşı siyasi təzyiq alətinə çevriləcək. 
Avropa Parlamentinin bu sənədi Paşinyan hökumətinə Qərbin açıq dəstəyinin azalması kimi şərh oluna bilərmi? 
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
"  Düşünürəm ki, bu sənədə daha çox mövcud vəziyyətin analitikası kimi baxmaq lazımdır. Bunu Paşinyana dəstəyin azalması yaxud Rusiyanın Paşinyana qarşı qüvvələrinin güclənməsi kimi qəbul etməkdən daha çox, məsələyə belə yanaşmaq olar. Burada Paşinyana qarşı baş verə biləcək hadisələrin analizi aparılıb və görünən odur ki, Rusiya hər yerdə Paşinyana qarşı bütün gücləri birləşdirməyə çalışır.  Rusiya bir neçə istiqamətdə hərəkət edir. Bir tərəfdən bütün müxalifəti Paşinyana qarşı birləşdirir. Digər tərəfdən isə keçmiş cinayətkar dəstələri,  20-30 il ərzində Ermənistanda müxtəlif yollarla nüfuz qazanmış qrupları yenidən ortaya çıxarır və onları bir araya gətirir. Bununla yanaşı, Rusiya özünə yaxın olan oliqarx "xilasedici obrazları" ortaya atır. Bu adamlar gəlir, Rusiyanın qazandığı pulları xərcləyir, yollar çəkir, insanlara yardım edir və daha sonra müəyyən legitimlik qazanırlar. Bu modeli əvvəllər Ruben Vardanyan üzərində sınaqdan keçirmişdilər. Vardanyan Qarabağda müxtəlif layihələrə xərc çəkdi və nəticədə legitimlik qazanmağa çalışdı. Amma hazırda Vardanyan ölkəmizdə DTX həbsxanasındadır və bu plana uyğun olaraq proses alınmadı. Yeni bir fiqur  ortaya çıxardılar. Paşinyan onu da həbs etdirdi. Fakt budur ki, Paşinyan siyasi rəqiblərini neytrallaşdırmış oldu. Açıq görünür ki, bu Rusiyanın bir ssenarisidir və Paşinyan bu ssenariyə qarşı çıxıb. Rusiyanın daha bir güclü dayağı kilsədir. Kilsə açıq şəkildə Paşinyana qarşı mövqe ortaya qoyub, qarşı tərəfdə dayanıb. Paşinyanın kilsəni tanımaması da bu qarşıdurmanı dərinləşdirir. Kilsənin rəhbər şəxslərinin ailəsi və övladları haqqında səslənən fikirlər də göstərir ki, kilsə ən böyük müxalif mərkəzlərdən biridir. Bütün bunlar Rusiyanın təsir dairəsinə aid qüvvələrin Paşinyana qarşı birləşdirildiyini göstərir. Hətta bu prosesdə erməni diasporası da rol oynayır. Çünki diaspora Paşinyanın Türkiyə və Azərbaycanla yaxınlaşma cəhdlərinə, soyqırımı ilə bağlı ritorikanın tonunu aşağı salması və başqa məsələlərə görə ona qarşıdır. Bütün müxalif qüvvələr Paşinyana qarşı bir mübarizə planında birləşdirilib və görünür ki, bu da müəyyən mənada nəticə verir. Ancaq mən Paşinyanın bu halda belə, hələ də zəif mövqedə olduğunu düşünmürəm. Hələ də əhalinin böyük hissəsi ona dəstək verir, çünki onlar faktiki olaraq onun hansı təzyiqlərə məruz qaldığını bilirlər. Əlbəttə, qarşıdan çətinliklər gəlir, çünki bütün qüvvələr ona qarşı yönəlib. Amma indiki durumda Paşinyanın dayaqlarının tam zəiflədiyini düşünmürəm. Onun hələ də seçkidə əsas rəqiblərindən daha çox səs toplaya biləcəyi ehtimalı var. İkinci məsələ isə budur ki, seçkiyə qədər Paşinyana qarşı hansı güclü namizədin ortaya çıxacağı bilinmir. Düşünürəm ki, Paşinyanın hazırda hansısa formada hakimiyyətdən erkən uzaqlaşdırılacağı real görünmür". 
Zeynəb Mustafazadə
 
    