"3+3" formatı Bakı və ya İrəvanda: İlk rəsmi səfərlər başlaya bilər – ÖZƏL

Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan bildirib ki, "3+3" formatında regional platformanın növbəti iclası Azərbaycan və ya Ermənistanda keçiriləcək. Hazırda iki ölkə arasında bununla bağlı müzakirələr aparılır.

Maraqlıdır, "3+3" formatının Bakı və ya İrəvanda keçirilməsi region baxımından hansı siyasi mesajlar və üstünlüklər verir?

"Təbii ki, "3+3" formatının hər dəfə onu təmsil edən ölkələrdən birinin paytaxtında keçirilməsi əvvəlcədən razılaşdırılmış bir prosedurdur. İndiyə qədər bu toplantılar həm Rusiyada, həm Türkiyədə, həm də İranda baş tutub. İndi növbə Azərbaycana və ya Ermənistana çatıb".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, böyük ehtimalla, Gürcüstan bu prosesdə iştirak etmədiyi üçün növbəti görüş bu iki dövlətdən birinin ya Azərbaycanın, ya da Ermənistanın paytaxtında keçiriləcək. Hansı ölkədə keçiriləcəyi isə, təbii ki, həm Azərbaycan-Ermənistan münasibətlərində aparılan danışıqlardan, həm də formatda təmsil olunan digər ölkələrin mövqeyindən asılı olacaq. Bu, olduqca mühüm hadisədir. Çünki görüş istər Ermənistanda, istərsə də Azərbaycanda keçirilsin, "3+3" formatının nəhayət Cənubi Qafqaz məkanına gəlməsi böyük əhəmiyyət daşıyır.

"Birincisi, ilk dəfə olaraq Cənubi Qafqazla bağlı "3+3" formatında toplantı məhz regionun özündə keçirilmiş olacaq. İkincisi, əgər görüş Ermənistanda baş tutarsa, Azərbaycan nümayəndə heyəti İrəvana, əgər Azərbaycanda keçirilərsə, Ermənistan təmsilçiləri Bakıya səfər etməli olacaqlar. Bu da müstəqillik dövründə iki ölkə arasında rəsmi səviyyədə ilk səfər olacaq. Belə bir hadisənin baş verməsi, şübhəsiz ki, iki ölkə arasında etimadın formalaşması və sülh prosesinin geriyə dönməz xarakter alması baxımından mühüm addımdır", - deyə ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, əsas məsələ ondan ibarətdir ki, həm Azərbaycan, həm də Ermənistan qarşılıqlı münasibətlərdə ortaq mövqe tapmağa nail ola bilsinlər. Bu istiqamətdə indiyədək müəyyən addımlar atılıb. Belə ki, rəsmi Bakı prinsipal və ardıcıl mövqeyinə uyğun olaraq sülh sazişinin mətni üzərində danışıqları vasitəçilərsiz, birbaşa iki ölkə arasında aparmağa nail olub. Bu istiqamətdə mühüm nəticələr əldə edilib. Artıq Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni tam şəkildə razılaşdırılıb. Həmin sənəd avqustun 8-də ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda paraflanıb. Bu, olduqca önəmli addım idi.

E. Xalidbəyli vurğulayıb ki, eyni zamanda Azərbaycan tərəfi Ermənistanın yükdaşımalar üçün nəqliyyat-kommunikasiya xətlərindən istifadə edə biləcəyini bəyan edib. Bu da Ermənistanın uzun illər davam edən blokadadan çıxmaq imkanının yarandığını göstərir. Nəticə etibarilə bu, iki ölkə arasında qarşılıqlı etimadın güclənməsi baxımından çox mühüm hadisədir. Bu prosesin prinsipial və ardıcıl şəkildə davam etdirilməsi yaxın gələcəkdə Cənubi Qafqazda sülhün və sabitliyin tam şəkildə bərqərar olmasına mühüm töhfə verə bilər.

"Hazırda əsas müzakirə mövzusu "3+3" formatında növbəti görüşün İrəvanda, yoxsa Bakıda keçirilməsi ilə bağlıdır. Böyük ehtimalla, bu görüş baş tutacaq. Keçirildiyi yerindən asılı olmayaraq, bu toplantı Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı etimad mühitinin möhkəmlənməsi baxımından çox böyük əhəmiyyət daşıyacaq və regionda irəliyə doğru atılmış növbəti mühüm addım olacaq," - deyə siyasi şərhçi sonda bildirib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31