İcra hakimiyyətlərini gözləyən aqibət – Balakən əməliyyatından sonra…

"Son zamanlarda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə korrupsiyaya qarşı əməliyyatlar keçirir. Bunun müxtəlif qurumlarda keçirilməsi dövlətin bu sahədə hərtərəfli fəaliyyətindən xəbər verir".

Bu sözləri Globalinfo.az-a açıqlamasında əslən Balakəndən olan politoloq Zeynal Əmrəliyev DTX-nin son əməliyyatından danışarkən deyib.

Onun fikrincə, Balakən rayonunda analoji əməliyyatın həyata keçirilməsi faktı onu göstərir ki, hələ də baş verənlərdən dərs çıxarmayan vəzifəli şəxslər var:

"Prezident İlham Əliyev dəfələrlə Balakən rayonunda səfərdə olub, rayonun inkişafı üçün ən yüksək səviyyədə dövlət proqramları qəbul edilib. Bura ölkənin ən ucqar,  sərhəd rayonudur. Brlə əhəmiyyətli bir rayonda müxtəlif əyri işlərlə məşğul olmaq, prezidentin etimadını doğrultmamaq əlbəttə ki, mənfi hadisədir. Son zamanlarda baş verən hadisələr, Ramiz Mehdiyevin həbsi məsələsi hər kəsə dərs olmalı idi. Dövlətə qarşı cinayət törədən heç kəs cəzasız qalmır, toxunulmaz deyil və onlar öz cəzalarını alırlar".

Politoloq bildirib ki, Balakənin inkişafı üçün çox işlər görür və buna mane olmaq həm də dövlətin iqtisadi siyasətini sabotaj etməkdir:

"Baş verən həbs eyni zamanda regional idarəçilikdə də dəyişikliyin labüd olduğunu göstərir. İcra hakimiyyətlərinin daha çevik idarəetmə institutu ilə əvəz edilməsinin artıq zamanı çatıb. Çünki bu qurum regionların inkişafına ciddi əngəl törədir, bölgələrə investisiya gəlişini əngəlləyir".

Z.Əmrəliyev qeyd edib ki, DTX-nin bu cür peşəkar fəaliyyəti təqdirəlayiqdir:

"Bu cür əməliyyatlardan hər kəsin lazım olan nəticəni çıxaracağına inanıram. Aparılan əməliyyatlar həm də islahedici səciyyə daşıyır. Kim bu yolla gedirsə, vətəndaşların hüquqlarını, dövlətin siyasətini pozursa, korrupsiyaya yol verirsə, bu aqibətin qurbanı olur və olacaq. Bir neçə ildir ki, davam edən əməliyyatlar dövlətimizin mövcud məsələ ilə bağlı prinsipial siyasətinin olduğunu göstərir".

Qeyd edək ki, oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir. Paralel olaraq, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İslam Vahid oğlu Rzayev vəzifəsindən azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31