Paşinyanın yeni siyasəti: Şəxsi mövqedən dövlət xəttinə - ÖZƏL

"Qarabağdan köç etmiş ermənilərlə bağlı daxili siyasi gündəmi dəyişmək Paşinyanın ən mühüm və eyni zamanda ağıllı siyasətlərindən biridir. Paşinyan bu məsələdə ölkəsinin əsas siyasi xəttini gizlətmir. O, açıq şəkildə bildirir ki, Qarabağdan köçən ermənilərin yenidən Azərbaycana qaytarılması ilə bağlı gündəm yaratmaq Ermənistan üçün heç bir müsbət perspektiv vəd etmir. Əksinə, həmin insanlar artıq Ermənistanın daxili siyasi və ictimai həyatına inteqrasiya olunmaqla yeni həyatlarını burada qurmalıdırlar."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Paşinyan haqlı olaraq hesab edir ki, Qarabağ ermənilərinin Azərbaycana qaytarılması təşəbbüsü sülh gündəminə mənfi təsir göstərə  və iki ölkə arasında bu vaxta qədər əldə olunan nəticələri təhlükə altına qoya bilər.

Əslində, Paşinyan həm Qarabağdan köç etmiş ermənilərə düzgün yol göstərir, həm də Ermənistan cəmiyyətinə dövlətin inkişafı üçün ən real və təhlükəsiz istiqaməti nümayiş etdirir. Çünki bu insanlara normal və sabit həyat qurmaq üçün ən doğru yol məhz Ermənistan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan üçün isə ən düzgün yanaşma Qarabağdan köçən ermənilərə tamhüquqlu vətəndaş kimi yer ayırmaq və onların sosial-mədəni inteqrasiyasına dəstək verməkdir.

Paşinyan bu siyasətlə əslində Azərbaycanla sülh gündəminə də töhfə verir. Çünki nə qədər ki, "Qarabağ ermənilərinin qayıdışı" kimi süni gündəmlər yaradılır, Azərbaycan və Ermənistan arasında sülh prosesini irəlilətmək bir o qədər çətin olacaq.

Euronest Parlament Assambleyasında Qarabağ ermənilərinin qayıdışı ilə bağlı qətnaməyə Ermənistan deputatlarının əleyhinə səs verməsi də bu siyasətin təzahürüdür. Parlamentdə çoxluğu təşkil edən "Vətəndaş Müqaviləsi" partiyasının üzvləri öz hökumətlərinin bu mövqeyinin düzgünlüyünü dərk edirlər. Bu da onu göstərir ki, Qarabağdan köçən ermənilərlə bağlı siyasət artıq təkcə Paşinyanın şəxsi mövqeyi deyil, Ermənistan hakimiyyətinin bütövlükdə qəbul etdiyi dövlət xəttinə çevrilib.

Hadisələrin gedişi göstərir ki, Paşinyan müəyyən müddətdən sonra bu kursu Ermənistan cəmiyyətinin böyük əksəriyyətinin dəstəklədiyi siyasətə çevirə biləcək.

Reallıq ondan ibarətdir ki, bundan sonra Qarabağ ermənilərinin yenidən Qarabağa qaytarılması cəhdlərinin heç bir mənası yoxdur. Bu, yeni problemlər yaratmaqdan başqa bir nəticə verməz. Üstəlik, belə bir siyasətin fəallaşdırılması əks reaksiya doğura bilər - yəni vaxtilə Ermənistandan qovulmuş 200 mindən çox azərbaycanlının öz doğma torpaqlarına qayıdışı məsələsini gündəmə gətirə bilər.

Belə bir ssenari nə Ermənistan dövləti, nə də onun cəmiyyəti üçün sərfəlidir. Eyni zamanda, bu cür addımlar Ermənistanın beynəlxalq arenada apardığı siyasətin qəbuluna da mənfi təsir göstərə bilər."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31