Bu il amnistiya olacaqmı?
18:30 Siyasət"Bu ilin sonuna amnistiya məsələsi hələ ki, nəzərdə tutulmayıb. Əks halda bununla bağlı hazırlıq işləri aparılardı. Hər halda belə hazırlıq işləri barəsində bilgim yoxdur".
Bunu Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat ilin sonuna kimi amnistiyanın olacağına güman etmir: "Bunun təbliğatı və müzakirəsi vacibdir. Bəlkə də irəlidə təşəbbüslər olar. Nə qədər çox insan azadlığa qovuşarsa, bu, ailələrin sevinci deməkdir. Belə addımlar atılarsa, millət vəkili kimi dəstəkləyəcəyik".
Qeyd edək ki, sonuncu dəfə Zəfər günü münasibətilə 2021-ci ildə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Həmin aktın 17 min 267 şəxsə şamil olunduğu müəyyən edilib. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır.
Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb. Həmçinin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1909, islah işləri cəzasına məhkum olunmuş 2471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub.
Bundan əlavə, məhkəmələrin icraatında olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1785 şəxsə amnistiya tətbiq edilib.
Müstəqillik dövründə Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 160 minə yaxın şəxsə şamil olunub. Konstitusiyanın 95-ci maddəsinə əsasən, amnistiya aktını qəbul etmək səlahiyyəti Milli Məclisə məxsusdur.