Ermənistanın reallığı: Azərbaycan və Türkiyə ilə əməkdaşlıq - ÖZƏL
16:20 Siyasət"Biz hər zaman inanmışıq ki, Ermənistan nə edirsə-etsin, regiondakı balansı öz xeyrinə dəyişə bilməyəcək. Çünki bunun üçün həmin ölkənin nə maliyyə, nə insan, nə də təbii resurs potensialı kifayət etmir. Xarici dəstək və yardımlar da bu vəziyyəti dəyişməyə yetməyib."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Bəzən Ermənistanın atdığı addımlar təəccüblə qarşılanır. Halbuki Azərbaycan və qardaş Türkiyə Ermənistanı normal bir dövlət kimi regionda qorumağa və sabitliyin bir hissəsinə çevirməyə hazırdır. Bu mənada, Bakı və Ankara Ermənistan üzərində üçüncü tərəflərin təzyiqlərinin azalması üçün birlikdə işləyirlər və gələcəkdə də əməkdaşlığı davam etdirəcəklər.
Əslində, Ermənistan bu fürsəti düzgün qiymətləndirməlidir. Əlində olan, bəzən isə ümumiyyətlə olmayan resursları mənasız silahlanmaya, təyyarə və sursata xərcləməkdənsə, həmin vəsaiti daxili problemlərin - xüsusilə də sosial məsələlərin həllinə yönəltsə, bu, ölkə üçün daha faydalı olar.
Məsələn, bu gün Ermənistan Laçın şəhəri və rayonu vasitəsilə öz ərazisindən keçərək Türkiyəyə tranzit yol təklif edir. Lakin həmin yolun vəziyyəti çox bərbad haldadır - bunu oradan keçənlər də təsdiqləyir. O halda, həmin pulları silaha deyil, bu kimi infrastruktur layihələrinə yönəltmək daha məqsədəuyğundur. Belə bir yolun bərpası həm iqtisadi qazanc gətirər, həm də sülh prosesinə real töhfə olardı.
Ona görə də düşünürəm ki, Ermənistan atdığı addımlarda reallıqları nəzərə almalıdır. Əks halda, gerçəkliklər dəyişməz qalacaq. Azərbaycanın hərbi, iqtisadi, sosial və insan resursları baxımından potensialı Ermənistanın imkanlarından dəfələrlə üstündür. Ermənistan illərlə çalışsa belə, bu fərqi azalda bilməz, hətta yarısına belə çatmaq mümkün deyil.
Görünür, üçüncü tərəflər yenə də boş durmur. Məsələn, bu yaxınlarda gündəmə gələn döyüş təyyarələrinin Rusiyaya məxsus olduğu bildirilir. İndi Ermənistan onları Hindistandan alsa belə, bu, mahiyyəti dəyişmir. Görünür ki, Moskva birbaşa deyil, Hindistan vasitəsilə Ermənistanı yenidən hərbi avantüralara sürükləməyə çalışır.
Amma Rusiya istədiyini edə bilər, əsas məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir. Onlar ağıllı davranmalı, baş verənlərdən dərs çıxarmalı və ən doğru yolu - Azərbaycan və Türkiyə ilə əməkdaşlığı seçməlidirlər. Bu halda ölkə iqtisadi və siyasi baxımdan dirçələ bilər.
Əks təqdirdə, Azərbaycanın çəkindiyi heç nə yoxdur. "Dəmir yumruq" yerindədir və Prezident İlham Əliyevin dediyi kimi, kim bizimlə güc müstəvisində qarşılaşmaq istəsə, biz heç vaxt bundan qorxmamışıq və bu gün də qorxmuruq."
İbrahim Məmmədli