Makron görüşü və AP sənədi: Paşinyan Qərbyönümlü siyasətə görə cəzalandırılır? – ÖZƏL
30 Oktyabr 15:17 SiyasətAvropa Parlamenti Ermənistan-Azərbaycan münasibətləri üzrə dərc etdiyi sənəddə Ermənistanda Baş nazir Nikol Paşinyanın siyasi zəifliyini vurğulayıb. Sənədə görə, Paşinyan Qarabağ məğlubiyyətindən sonra siyasi kapitalının əhəmiyyətli hissəsini itirib, bu da mart ayındakı yerli seçkilərdə partiyasının zəif nəticələri ilə özünü göstərib.
Qeyd olunur ki, Paşinyanın Bakıya qarşı edə biləcəyi hər hansı bir güzəşt (xüsusilə konstitusiya dəyişiklikləri) 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində müxalifət və diaspor tərəfindən siyasi silaha çevriləcək.
Sənəddə diqqət çəkən əsas məqam, Rusiyanın Ermənistan daxili siyasətinə təsir imkanlarının artmasıdır. Rusiya mediasına görə, Prezident Vladimir Putin yüksək səviyyəli köməkçisi Sergey Kiriyenkoya Ermənistanda "Rusiyanın maraqlarını təşviq etməyi" tapşırıb.
"Avropa Parlamenti Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Onun qəbul etdiyi qətnamələr də bu qərəzliliyi açıq şəkildə göstərir və bu, bizim üçün heç bir yenilik deyil".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Şakir Ağayev deyib. Ekspert bildirib ki, istər Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu dövrdə, istərsə də 44 günlük müharibədə qazanılmış qələbədən sonra, hətta antiterror əməliyyatlarından və Azərbaycanın sülh təşəbbüslərindən sonrakı mərhələdə belə, Avropa Parlamenti daima Azərbaycana qarşı qərəzli, ikili standartlara əsaslanan qərarlar qəbul edib.
"İndi, əgər söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhinə olan qətnamədən gedirsə, mən hesab etmirəm ki, bu, Rusiyanın Ermənistandakı mövqelərinin güclənməsi ilə bağlıdır. Ermənistandakı proseslərə, son həbslərə və Paşinyanın mövqeyinə baxsaq, görərik ki, Paşinyan qərbyönümlü siyasətini davam etdirir. Hazırda o, Fransada keçirilən Sülh Forumunda iştirak edir və Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Bu da göstərir ki, Paşinyan Avropa Birliyinə inteqrasiya istiqamətində addımlar atmağa çalışır. Lakin bu qətnamə müəyyən mənada ona qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Məqsəd Paşinyanı daha sərt antirusiya ritorikasına yönəltməkdir. Çünki biz bilirik ki, Paşinyan qarşıdakı seçkilərlə əlaqədar Rusiya ilə münasibətləri bir qədər yumşaltmağa, əlaqələri qismən istiləşdirməyə çalışır ki, Moskva onun seçki prosesinə mane olmasın. Məhz buna cavab olaraq belə bir təzyiq mexanizmi işə salınıb," - deyə siyasi şərhçi qeyd edib.
Ekspert bildirib ki, Paşinyanın 2026-cı il seçkilərinə qədər istefa verəcəyi ilə bağlı deyilənlərə gəlincə, mən buna inanmıram. Paşinyan seçkilərə qədər istefa verməyəcək. O, hazırda bütün gücü ilə hakimiyyəti əlində saxlamağa, hətta ona mane olan qüvvələri də siyasi səhnədən uzaqlaşdırmağa çalışır.
"Seçkilərin nəticələrinin necə olacağını isə zaman göstərəcək. Ermənistanın indiki mürəkkəb siyasi vəziyyətini nəzərə alaraq, bu barədə dəqiq proqnoz vermək çətindir. Lakin bir daha qeyd etmək istəyirəm ki, nə Paşinyanın, nə də onun komandasının hazırda istefa vermək niyyəti yoxdur," - deyə Ş. Ağayev vurğulayıb.
Sevda Dəniz