Bakıda doğulan, Londonda “parlayan”, Moskvada bərkgedən deputat – Luqovoun “kampf”ı
12:50 SiyasətRusiya Federasiyası Dövlət Dumasının əslən Bakıdan olan bir deputatı var - Andrey Luqovoy. Onun atası Konstantin Luqovoy hərbçi olub və 1966-cı ildə Bakıda xidmət edərkən Andrey doğulub.
Bu şəxs Rusiya Liberal Demokrat Partiyasının üzvüür, amma nə liberal, nə də demokratdır, sadəcə, partiyanın keçmiş sədri, neo-nasist Vladimir Jirinovskinin qatı ardıcıllarından biridir.
Luqovoyu təkcə Rusiyada yox, postsovet məkanında, hətta bütün dünyada məşhur edən isə qalmaqallı qətl işində iştirak etməsidir.
Strasburqda Avropa İnsan Haqları Məhkəməsi tərəfindən verilən hökmə görə, o, Aleksandr Litvinenkonun zəhərlənməsinin birbaşa günahkarıdır.
Luqovoy Avropa Birliyi ölkələri, ABŞ, Kanada, İsveçrə, Avstraliya, Yaponiya, Ukrayna və Yeni Zelandiya tərəfindən şəxsi beynəlxalq sanksiyalara məruz qalır. Bu ölkələr, eləcə də Roma statutunu imzalayan başqa dövlətlər Luqovoyu öz ərazilərində görən kimi həbs edib beynəlxalq məhkəməyə verməlidirlər.
Luqovoyun adı qarışan qalmaqallı siyasi qəsd 2006-cı ilin 1 noyabrında baş verib. Prezident Putinə qarşı sərt tənqidi fikirləri ilə tanınan sabiq kəşfiyyatçı Aleksandr Litvinenko "Millennium" otelində Moskvadan gəlmiş köhnə tanışı, sahibkar və Rusiya Federasiyası Baş Təhlükəsizlik İdarəsinin keçmiş əməkdaşı Andrey Luqovoyla görüşüb. Otelin barında keçirilən görüşdə Luqovoyun iki iş ortağı Dmitri Kovtun və Vyaçeslav (Vladimir) Sokolenko da iştirak ediblər.
Bu görüşdən sonra Litvinenko özünü pis hiss edib. O, qida zəhərlənməsindən şübhələnib. Daha sonra onu Barnet zəstəxanasına aparıblar. Həkimlər onun orqanizmində müəyyən edilməsi asan olmayan və bədəndən xaric edilməsi daha çətin olan öldürücü tallium zəhəri aşkarlayıblar. Litvinenkonun həkimi zəhərlənmənin qəsdən edildiyi qənaətinə gəlib və bütün şübhələr Luqovoyun üzərinə yönəlib. 20 gündən sonra Litvinenko vəfat edib, onun köhnə tanışı Luqovoy isə sağ-salamat ölkəyə qayıdıb.
2007-ci ilin iyul ayında Birləşmiş Krallıq ölkə vətəndaşı Litvinenkonun qətlində şübhəli şəxs olduğu uçun Rusiyadan Luqovoyun ekstradisiyasını tələb edib. Rusiya dövləti ölkə vətəndaşlarının ekstradisiyasına konstitusiya qadağasını əsas gətirərək Luqovoyu ekstradisiya etməkdən imtina edib və bu, diplomatik münaqişəyə səbəb olub. Nəticədə dörd Rusiya diplomatı Böyük Britaniyadan qovulub. Buna cavab olaraq Rusiya da dörd Britaniya diplomatını federasiyadan çıxarıb.
Onun "vətən qarşısındakı tarixi xidməti" mükafatsız qalmayıb. 2007-ci ildə RLDP lideri Vladimir Jirinovski Andrey Luqovoyun Dövlət Dumasına seçkilərdə partiyanın seçki siyahısında ikinci olacağını elan edib. Elə də olub. O vaxtdan bəri Luqovoy Dövlət Dumasının üzvüdür.
O, "xarici agent"lərlə mübarizəsini həyatının "kampf"ına çevirib və bu dəfə onu parlament divarları arasında davam etdirir. Dünən Dumanın təhlükəsizlik komitəsi Luqovoya "xarici agentlərlə mübarizə tədbirləri" hazırlamaq tapşırılıb.
Avropada axtarışda olan deputat Rusiyada qiyabi həbs cəzası almış və məhkum edilmiş şəxslərin Paris və Londonun küçələrində sərbəst gəzdiklərini bildirib. İndi Paris və Londona gedərək onları şəxsən zərərsizləşdirmək imkanı olmadığı üçün Luqovoy onlara qarşı başqa tədbirlər görülməsini təklif edib, deyib ki, əgər belə insanları Rusiya vətəndaşlığından məhrum etmək mümkün deyilsə, o zaman onların hüquqları ən azı məhdudlaşdırılmalıdır. Luqovoy hesab edir ki, onlara konsulluq xidmət göstərməkdən imtina etmək lazımdır, belə olanda siyasi mühacirlər pasportlarını yeniləyə və ya notarial qaydada təsdiqlənmiş sənədlər ala bilməyəcəklər.

20 ilə yaxındır "anqlosaksonlar"a və onların tərəfdarları ilə mübarizə üzrə ixtisaslaşan deputat xarici agentlərə qarşı hüquqi tədbirləri daha da sərtləşdirmək üçün hazırladığı təkliflər paketində Rusiya Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydə alınanların hamısına yox, yalnız ölkədən mühacirət edənlərə sanksiya tətbiq edilməsini zəruri sayır.
Dumanın dünənki iclasında Luqovoy xarici agentlərin xain təbiətindən danışıb, onlara yönəlmiş təhqiramiz epitetlər səsləndirib.
RLDP deputatı həmçinin xarici agentlərin aktivlərinin bloklanması, onlara "Rusiya Federasiyası daxilində istənilən bank xidmətlərindən" imtina edilməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının qadağan edilməsinin zəruriliyini bildirib. Bundan başqa, Luqovoyun fikrincə, əvvəllər "agent"lərə verilmiş lisenziya və icazələrin ləğv edilməlidir, etibarnamələr tanınmamalıdır.
Kəsə obrazlı şəkildə desək, Luqovoy tısbağanı öldürməməyi, sadəcə, arxası üstə çevirməyi təklif edir.
Spiker Vyaçeslav Volodin Luqovoyun təşəbbüslərini dəstəkləyib və müvafiq komitənin sədrinə deyib ki, "bu təklifləri qanunvericilik düzəlişləri kimi tətbiq etməklə dəstəkləməyin" yolunu tapmaq lazımdır.
Volodin deyib ki, ölkəyə xəyanət edən, Parisdə və digər Avropa şəhərlərində gəzən, Rusiyadan pensiya alan adamların təqaüdü xüsusi hesaba köçürülməlidir. "Əgər kimsə pensiya almaq istəyirsə, özü gəlməlidir", - Volodin bildirib.
Beləcə, Rusiya Dövlət Duması son illərdə "xarici agentlər"ə, miqrantlara, qonşu ölkələrlə əlaqələrə dair qəbul etdiyi mürtəce qanun layihələrindən birini də hazırlamaqdadır.
Araz Altaylı, Musavat.com