Balakən icra başçısı niyə saxlanıldı – Ramiz Mehdiyev klanının vəzifəli məmurları neytrallaşdırılır

Balakən icra başçısı niyə saxlanıldı - Ramiz Mehdiyev klanının vəzifəli məmurları neytrallaşdırılır

Olaylar.az Musavat.com-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən rayonunda keçirdiyi əməliyyat nəticəsində uzun illərdir rayona rəhbərlik edən icra başçısı İslam Rzayev saxlanılıb. Məlumatlara görə, bu əməliyyat Ramiz Mehdiyev klanına bağlı olan icra strukturlarının "neytrallaşdırılması" prosesinin tərkib hissəsidir.

İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. O, 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Peşə fəaliyyətinə Göyçay rayon Maliyyə idarəsində başlayan Rzayev, sonralar Vergilər Nazirliyinin müxtəlif strukturlarında, "Azəriqaz" QSC-də və Dövlət Neft Şirkətinin Audit Departamentində rəhbər vəzifələrdə çalışıb. 2011-ci il mayın 18-də Prezidentin sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və o vaxtdan bu vəzifəni icra edirdi.

İslam Rzayev Yeni Azərbaycan Partiyasının Ramiz Mehdiyevə sadiq üzvü kimi uzun müddət regional siyasi sistemdə sabit və "toxunulmaz" fiqur hesab olunurdu. O, uzun illər ərzində Balakən rayonunda inzibati, iqtisadi və sosial resursların idarə olunmasında əsas mərkəzi fiqurlardan biri kimi çıxış edirdi.

Ekspertlərin fikrincə, son aylarda aparılan əməliyyatlar, mərkəzi icra strukturlarında kök salmış "keçmiş administrativ şəbəkə"nin tədricən sıradan çıxarılması prosesinin yeni mərhələsidir. Bu baxımdan Balakən hadisəsi həm simvolik, həm də praktik əhəmiyyət daşıyır. Çünki İslam Rzayev uzun illərdir ki, Ramiz Mehdiyev sisteminə sadiq qalan və hələ vəzifəsini qoruyub saxlayan azsaylı icra başçılarından biri idi.

Məlumatlara görə, Rzayevin rəhbərliyi dövründə Balakən rayonunda formalaşan idarəçilik modeli "kiçik padşah" sistemi üzərində qurulmuşdu. Bu model rayonun torpaq və biznes sahələrinin icra strukturlarının bilavasitə nəzarəti altında paylanmasını, yerli sahibkarlıq resurslarının inzibati yolla tənzimlənməsini və vətəndaş münasibətlərinin bürokratik kanallarla idarə edilməsini təmin edirdi. Məhz bu səbəbdən Rzayevin saxlanılması həm də əskimiş bir sistemin dağılması kimi qiymətləndirilir.

Mənbələr bildirir ki, əməliyyat çərçivəsində müxtəlif sənədlər və maliyyə materialları müsadirə olunub. Araşdırma orqanlarının diqqəti əsasən Balakən rayonunda dövlət vəsaitlərinin istifadəsi, torpaq bölgüsü, tikinti layihələri və tender mexanizmləri üzərində cəmlənib.

Analitiklər bu əməliyyatı "Ramiz Mehdiyev dövründən qalan inzibati mirasın təmizlənməsi mərhələsi" kimi qiymətləndirirlər.

Qeyd edək ki, İslam Rzayev ailəlidir, üç övladı var. Onun uzun illər Balakən rayonunda "köklü rəhbər" kimi tanınması, bölgə əhalisi arasında həm qorxu, həm də etinasızlıqla müşahidə olunan bir idarəçilik üslubunun formalaşmasına səbəb olmuşdu.

Hazırda hüquq-mühafizə orqanlarının Balakəndə apardığı əməliyyat davam edir. İstintaqın gedişində yeni adların və yeni faktların ortaya çıxacağı, həmçinin Ramiz Mehdiyev klanına bağlı digər rayon rəhbərləri ilə bağlı prosesin genişlənəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu hadisə Azərbaycanın regionlarında uzun illər formalaşmış inzibati monopoliyanın köklərinin kəsilməsində yeni mərhələ kimi dəyərləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31