Ermənistan ata-baba yurdundan qovulan insanların geriyə qayıdış hüququnu inkar edir

"Ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı fərdi və kollektiv cinayətləri son 100 ildə bütün hüdudları aşmışdır. Əvvəl 1905-ci ildə, sonra 1918-1921-ci illərdə, daha sonra 1948-1953-cü illərdə, ən sonda 1987-1991-ci illərdə xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədilmişdir". "Olaylar" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Brüssel şəhərində "Beynəlxalq hüquqda qayıdış hüququ" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib: "Təkcə sonuncu deportasiya zamanı - 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, 400-dən artıq insanımız bədən xəsarəti almışdır. 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulmuşdur ki, beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün - 37 ildən sonra həmin ziyanın məbləği 10 milyardlarla ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil.
Lakin təəssüf ki, Ermənistan tərəfi bütün bu cinayətlərə görə nəinki hüquqi məsuliyyət daşımaq istəmir, üstəlik, ata-baba yurdundan qovulan insanların geriyə qayıdış hüququnu inkar edir.
Ən dəhşətlisi isə odur ki, bu münaqişədən təkcə insanlarımız yox, həm də dünya mədəni irsinin tərkib hissəsi olan mədəni irsimiz ziyan çəkir, tarixi abidələr dağıdılır, qəbiristanlıqlar məhv edilir, mənəvi mühitlər yoxa çıxır. Bu, bəşəri cinayətdir və biz Ermənistanda Azərbaycan mədəni irsinə qarşı bu vandalizmin durdurulması üçün UNESCO-ya da dəfələrlə çağırışlar etmişik. 
Bütün bunlara baxmayaraq, İcmamız bölgəyə sülhün, əmin-amanlığın gəlməsi xatirinə barışıq yolunu tutmuş, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh və birgəyaşayış dəyərlərinə hörmət edərək Ermənistan hökuməti ilə dialoq üçün dəfələrlə təklif göndərmişdir. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi hələ də çağırışlarımıza cavab vermir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31