Bakıda ravvinlərin beynəlxalq toplantısının təxirə salınması: Siyasi və diplomatik səbəbləri- ÖZƏL
29 Oktyabr 15:17 SiyasətNoyabrın 3-6-da Bakıda keçirilməsi planlaşdırılan, Avropa, İsrail, ABŞ və digər ölkələrdən 600-ə yaxın ravvinin iştirakı gözlənilən Avropa Əsas Pravoslav Ravvinlər İttifaqının toplantısı gözlənilmədən təxirə salınıb. Forumun gündəliyinə "İbrahim Sazişi"nin genişləndirilməsi, xüsusilə Azərbaycanın sazişə qoşulması ehtimalı, həmçinin dini etiqad azadlığının təşviqi və Avropada artan antisemitizmlə mübarizə kimi mühüm məsələlər daxil idi. Tədbirin təxirə salınma səbəbləri və yeni tarixi barədə rəsmi məlumat verilməyib.
Tədbirin gözlənilmədən təxirə salınması hansı siyasi və ya diplomatik səbəblərlə bağlı ola bilər? Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
"Qeyd etmək lazımdır ki, Bakıda Avropa, İsrail, ABŞ və digər ölkələrin 600-ə yaxın ravvinin iştirakı gözlənilirdi və bir sıra mühüm məsələlərin müzakirəsi anons edilmişdi. Lakin bu tədbirin təxirə salınması göstərir ki, bir sıra məsələlər razılaşdırılmayıb və hazırkı durumda daha geniş detalların verilməməsi də müəyyən məsələlərlə bağlıdır. Ola bilsin ki, texniki, siyasi, diplomatik məsələlər öz həllini tapmamışdır. Amma hesab etmirəm ki, bu, Azərbaycanın İbrahim Sazişi ilə bağlı mövqeyinin dəyişməsini nümayiş etdirir.
İsrail bizim üçün dost, strateji tərəfdaş olan dövlətdir və hesab edirəm ki, bu cür məsələlərin gələcəkdə həll edilməsi mümkündür. Azərbaycan bir sıra məsələlərdə neytral, balanslı mövqeyini qoruyur və bu da çox önəmli yanaşmadır. Azərbaycanın regional və qlobal siyasətdə balanslaşdırılmış, proqnozlaşdırıla bilən mövqenin nümayiş olunması da bizim əsas xüsusiyyətlərimizdən biridir. Bu da dünyada qəbul olunan, Azərbaycanın imicini formalaşdıran mövqe hesab oluna bilər".
Zeynəb Mustafazadə