Türkiyə bölgədə sülhün, ədalətin simvoluna çevrilib- ÖZƏL

"Bu gün qardaş Türkiyə Respublikasının əsasının qoyulmasının 102-ci ildönümünü böyük qürur və sevinc hissi ilə qeyd edirik. Bu əlamətdar gün münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edir, onlara daim sülh, rifah və tərəqqi arzulayırıq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Türkiyə Respublikasının banisi, müstəqil və güclü dövlətin qurucusu - dahi Mustafa Kamal Atatürkü, eləcə də Cümhuriyyətin azadlığı və istiqlalı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizi və qazilərimizi dərin ehtiramla yad edirik. Atatürkün "Ən böyük əsərim Cümhuriyyətdir" sözləri bu gün də qardaş Türkiyənin gücünü, iradəsini və yenilməzliyini əks etdirir.
Bu gün Türkiyə Respublikası bölgədə sülhün, ədalətin və inkişafın simvoluna çevrilmişdir. Onun hər bir uğuru, hər bir nailiyyəti Azərbaycan xalqı üçün də qürur mənbəyidir.
Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: "Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir." Bu fikir sadəcə tarixi bir ifadə deyil, əsrlərin sınağından çıxmış qardaşlığın, etimadın və birliyin möhkəm təməlidir.
Bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu qardaşlıq strateji müttəfiqliyə çevrilmiş, dünya üçün nümunə olacaq səviyyəyə yüksəlmişdir. Bu birliyin dayağında ümumi tarix, ortaq dəyərlər və sarsılmaz dostluq dayanır.
Biz inanırıq ki, "Bir millət, iki dövlət" prinsipi əsasında qurulmuş Azərbaycan-Türkiyə qardaşlığı əbədi olacaq, gələcək nəsillər üçün sarsılmaz dostluq və həmrəylik simvolu kimi yaşayacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31