Strateji addım: Bakı Vatikanda nümayəndəlik açmaqla dini diplomatiyada yeni mərhələyə keçir – ÖZƏL
14:25 SiyasətQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 27-də II Vatikan Şurasının əsas sənədi olan Nostra Aetate-nin 60 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Vatikana rəsmi səfər edib. Şeyxülislam İslam dünyasından Vatikana dəvət alan məhdud sayda din xadimləri siyahısındadır.
Səfər çərçivəsində onun Roma Papası XIV Leo, Vatikan rəsmiləri və digər dini liderlərlə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, bu səfər çərçivəsində Şeyxülislam Paşazadənin əvvəlki Roma Papasının dövründə Vatikanda QMİ-nin nümayəndəliyinin yaradılması təklifi yenidən gündəmə gəlir.
Vatikanda QMİ nümayəndəliyinin açılması Azərbaycanın diplomatik qollarını hansı əsas istiqamətlərdə gücləndirəcək?
"Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Vatikana rəsmi səfəri təkcə dini təmasların dərinləşməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun və çoxşaxəli diplomatiyasının mühüm göstəricisidir."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib.
Ekspert əlavə edib ki, Vatikanda QMİ-nin nümayəndəliyinin yaradılması məsələsinin yenidən gündəmə gəlməsi Azərbaycanın dini diplomatiya istiqamətində yeni mərhələyə keçdiyini göstərir. Vatikan həm xristian aləminin mənəvi mərkəzi, həm də qlobal siyasətdə təsir gücünə malik dövlət kimi beynəlxalq münasibətlər sistemində mühüm yer tutur. Belə bir mərkəzdə Azərbaycan dini-mədəni və sivilizasiyalararası dialoqun fəal iştirakçısı kimi öz mövqeyini daha da möhkəmləndirəcək.
"Bu nümayəndəliyin açılması hesab edirəm ki, Azərbaycanın diplomatik qollarını bir neçə əsas istiqamətdə gücləndirəcək. Məsələn, dini diplomatiya və sivilizasiyalararası dialoq, beynəlxalq imic və "yumşaq güc" siyasəti, yeni tərəfdaşlıqlar və siyasi etimad, islam dünyasında liderlik rolunun möhkəmlənməsi və s. Azərbaycan bu addımla həm dini həmrəyliyin, həm də dinlərarası əməkdaşlığın aparıcı tərəflərindən biri kimi çıxış edir. Onu da deyim ki, Vatikanda QMİ-nin nümayəndəliyinin yaradılması təşəbbüsü Azərbaycanın diplomatik coğrafiyasını mənəvi-siyasi müstəvidə genişləndirən strateji addımdır.
Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh, tolerantlıq və qarşılıqlı hörmətə əsaslanan xarici siyasətin məntiqi davamıdır, " - deyə, B.Quliyev bildirib.
Sevda Dəniz