Azərbaycan-Vatikan münasibətləri: tolerantlıq xətti bu əlaqələrin əsasını təşkil edir- ÖZƏL

"Azərbaycanın Vatikanla əlaqələri 60 il əvvəl qurulub və bu əlaqələr inkişaf etməkdədir. O cümlədən nəzərə alsaq ki, Azərbaycan Prezidentinin və Birinci Vitse-prezidentin Vatikan rəhbərliyi ilə görüşləri, Azərbaycanda xristian icmasına yaradılan şərait və Vatikanın ölkəmizdə səfirliyinin fəaliyyət göstərməsi bu münasibətlərin göstəricisi hesab olunur". 
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib: "Vatikanda son illər yalnız xristian aləmi ilə deyil, eyni zamanda müsəlman ölkələri və onların dini liderləri ilə də görüşlərə maraq göstərilir. Məsələn, Roma Papasının Yaxın Şərqə səfəri zamanı İraqda Sistani ilə keçirilən görüş, həmçinin müxtəlif coğrafiyalarda müsəlman ölkələrinin dini liderləri ilə aparılan dialoqlar Vatikanın müxtəlif dinlərin dinc yanaşı yaşaması ilə bağlı prinsiplərə verdiyi önəmi nümayiş etdirir.
Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərinin Vatikana səfəri də Azərbaycan və Vatikan arasındakı münasibətlərin hansı səviyyədə olduğunu göstərir. Azərbaycan dini baxımdan tolerant ölkədir, burada bütün dini konfessiyaların nümayəndələri çox rahat fəaliyyət göstərirlər, onlara heç bir məhdudiyyət yaradılmır, əksinə, dövlət tərəfindən onların fəaliyyəti stimullaşdırılır və dəstək verilir.  Digər tərəfdən Azərbaycanın son illər  beynəlxalq arenada oynadığı aktiv rol və münaqişələrin bitməsində vasitəçiliyi həmçinin, illər öncə NATO və Rusiya hərbi rəhbərlərinin görüşlərinin keçirildiyi məkan olması Azərbaycanın nüfuzunu daha da artırmışdı. Bu baxımdan Allahşükür Paşazadənin Vatikana səfəri və orada keçirilən tədbirlərdə iştirakı həm Azərbaycan-Vatikan münasibətlərinin, həm də Qafqaz Müsəlmanlar İdarəsi ilə Vatikan arasında əlaqələrin inkişafı üçün mühüm bir addım kimi dəyərləndirilməlidir. Bir daha qeyd edirəm ki,Azərbaycan tolerant bir ölkədir və bütün dini konfessiyaların nümayəndələri burada çox rahat şəkildə fəaliyyət göstərə bilirlər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31