Sahibə Qafarova çağırış etdi: “Bu təhdidlərə bizim cavabımız qəti və prinsipial olmalıdır”

"Müasir dövlətlər arasında siyasi, iqtisadi, hüquqi və humanitar əlaqələr getdikcə daha intensiv və dinamik xarakter alır. Bu baxımdan dövlətlərin suveren bərabərliyi və müstəqilliyi, daxili işlərə qarışmamaq və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq prinsiplərin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar parlamentlərarası  əməkdaşlığın rolu da güclənir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova  "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin  təməli kimi" mövzusuna həsr edilən beynəlxalq parlament konfransında deyib: "Bu gün parlament diplomatiyası ən mühüm yumşaq güc alətlərindən birinə çevrilmişdir. Parlament təmasları vasitəsi ilə qarşılıqlı anlaşma körpüləri qurulur, ən kəskin məsələlər hüquq bərabərliyi və qarşılıqlı hörmət əsasında həll edilir. Biz hesab edirik ki, ənənəvi diplomatiyanı uğurla tamamlayan parlament diplomatiyası sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində daha böyük rol oynaya bilər. 
Müasir dövrdə bəşəriyyət saxta informasiyanın yayılmasından və hibrid hücumlardan başlamış xalqların mədəni və ideoloji müstəqilliyinə edilən qəsdlərə qədər müxtəlif yeni təhdidlərlə qarşılaşır. Bu təhdidlərə bizim cavabımız qəti və prinsipial olmalıdır. Biz qanunun aliliyi və Konstitusiyaya hörmət əsasında suverenliyimizi möhkəmləndirməliyik. Yalnız birgə səylərlə yeni çağırışlara və təhdidlərə qarşı mübarizə aparmaq, bütün dünyada sülhü və sabitliyi möhkəmləndirmək mümkündür. Digər tərəfdən, milli maraqların müdafiəsi, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi də Konstitusiya dəyərlərinə sadiqliyimizdən çox asılıdır.  Konstitusiya prinsipləri ölkələr arasında ahəngdar qarşılıqlı əlaqə üçün təməl rolunu oynayır, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə şərait yaradır. Azərbaycan dövləti və parlamenti ardıcıl olaraq məhz bu yanaşmanı həyata keçirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31