Sülh sazişinin paraflanması regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açmışdır-Spiker

"Azərbaycanın regional və qlobal səviyyədə bütün fəaliyyəti - həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu təşviqi, bu gün dünyanın üzləşdiyi müxtəlif çağırışlarla mübarizədə göstərdiyi səylər bu niyyət və baxışları əks etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Fahibə Qafarova  "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin  təməli kimi" mövzusuna həsr edilən beynəlxalq parlament konfransında deyib: "Xüsusilə qeyd etmək istərdim ki, 30 illik işğal dövrünə baxmayaraq, məhz Azərbaycan Vətən müharibəsi başa çatdıqdan dərhal sonra sülh təşəbbüsü ilə çıxış etmişdir. Sülhün əsasını təşkil edən 5 təməl prinsip və sülh sazişinin layihəsi də Azərbaycan tərəfindən təqdim olunmuşdur. Cari ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açmışdır.  
İndiki qlobal geosiyasi dinamika şəraitində məhz Konstitusiya qaydası dövlətlərə öz dayanıqlığını qorumaqda və milli maraqları əsasında inkişaf etməkdə kömək göstərir. Azərbaycanın təcrübəsi də əyani surətdə göstərir ki, Konstitusiya xalqın iradəsindən və milli dəyərlərdən güc alanda, hakimiyyət ilə xalq arasında uzlaşmanı təmin edəndə cəmiyyəti birləşdirən və dövlətin müstəqilliyini qoruyan böyük qüvvəyə çevrilir. Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir. O, milli birliyimizi möhkəmləndirir və cəmiyyətin sabit inkişafına kömək göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31