Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir- Spiker

"Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr edilən beynəlxalq parlament konfransının Azərbaycanda keçirilməsinin dərin rəmzi mənası var. Bu il biz müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyini qeyd edirik. Bununla əlaqədar 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunmuşdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova  "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin  təməli kimi" mövzusuna həsr edilən beynəlxalq parlament konfransında deyib: "Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə mürəkkəb vəziyyətə düşmüşdü. Ölkəmizə qarşı silahlı təcavüz və daxili böhran dövlət müstəqilliyinin itirilməsi təhlükəsini törətmişdi. 
Belə bir şəraitdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə və müasir dövlətin əsaslarını yaratmağa imkan verdi. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürdü, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün təminatlar yaratdı. Bu mənada dövlətimizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin yeni dövrünün, gələcəyə inam və quruculuq dövrünün simvoludur. 
Ulu Öndər Heydər Əliyevin başladığı yol Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi ilə uğurla davam etdirilir. Son iyirmi iki il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Bu dövrdə həm  də  Konstitusiyamızın real gücü praktikada sınaqdan keçmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31