NATO səfirləri Bakıda: Əməkdaşlıq texniki səviyyədən siyasi dialoqa keçir – ÖZƏL
28 Oktyabr 17:35 SiyasətNATO-ya üzv 15 xarici ölkənin səfirlərindən təşkil olunmuş heyət, sentyabrda İrəvanda keçirilən görüşlərdən sonra, növbəti dayanacaq olaraq 6-7 noyabrda Azərbaycana səfər edəcək.
Bu səfər fonunda Azərbaycan və NATO arasında əlaqələr aktivləşib. Cari ilin iyul ayında Müdafiə Nazirliyinin rəsmiləri ilə NATO mütəxəssisləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
NATO ilə münasibətlərin inkişafı Rusiya tərəfindən müsbət qarşılanmır. Kremlə yaxın media qurumları Cənubi Qafqazdakı bu prosesləri Qərbin təsirinin artması prizmasından şərh edir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın hələ iyun ayında Azərbaycan və Ermənistanın NATO ilə yaxınlaşmasının region təhlükəsizliyinə təhlükə yaratdığı və Qərbin məqsədinin xaos yaratmaq olduğu barədəki bənzər bəyanatları da mövcuddur.
"Əvvəla onu nəzərə alaq ki, Azərbaycan NATO üzvü deyil, lakin 1994-cü ildən "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Alyansla sıx əməkdaşlıq edir. Son zamanlar kibertəhlükəsizlik və hərbi təhsil sahəsində əməkdaşlıq geniş vüsət alıb. Bu əlaqələr son aylarda daha da möhkəmlənib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, iyulda keçirilən görüşlər və indi səfirlərin Bakıya gəlməsi göstərir ki, əlaqələr təkcə texniki səviyyədən siyasi dialoq mərhələsinə keçir. Azərbaycana nəzərdə tutulan səfərin Ermənistandakı səfərdən dərhal sonra baş tutması balanslı diplomatik yanaşmanı göstərir - NATO Cənubi Qafqazda tərəf tutmadan əlaqələri genişləndirmək istəyir.
"NATO üçün bu səfərin əsas məqsədi regionda sabitliyi qorumaq və Cənubi Qafqazda Rusiya təsirinin azaldılmasına xidmət edir. Eyni zamanda, Azərbaycanın hərbi potensialı və təcrübəsi öyrənilməsi baxımından da səfər xüsusi əhəmiyyət daşıyır. Xüsusilə müasir texnologiyaların tətbiqi və hibrid müharibə təcrübəsi baxımından əlaqələrin inkişafı maraq doğurur," - deyə ekspert əlavə edib.
Siyasi şərhçi vurğulayıb ki, Rusiya mediası və Zaxarovanın bəyanatları, əslində, Moskvanın bölgədəki təsir dairəsinin daralmasından narahatlığını əks etdirir. Ancaq Azərbaycan öz maraqları çərçivəsində hərəkət edir və bütün tərəflərlə əlaqənin qurulmasında maraqlı tərəf kimi çıxış edir.
Sevda Dəniz