Minatəmizləmə fəaliyyətində qiymətləndirmənin aparılma qaydası təsdiq edilib
28 Oktyabr 16:16 Siyasət"Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası" təsdiq edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Qayda minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin (bundan sonra - qiymətləndirmə) aparılması qaydasını müəyyən edir.
Qiymətləndirmənin məqsədi Azərbaycan Respublikasının ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərin (bundan sonra - dövlət orqanları və şəxslər) Qanuna, minatəmizləmə fəaliyyətinə dair tələblərə, standart əməliyyat prosedurlarına (bundan sonra - SƏP) və mina əleyhinə beynəlxalq standartlara uyğun olaraq minatəmizləmə fəaliyyətini planlaşdırmaq, idarə etmək və həyata keçirmək imkanlarına malik olduğunu müəyyən etməkdir.
Dövlət orqanları və şəxslərin qiymətləndirilməsi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir.
Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
Qiymətləndirmə dövlət orqanları və şəxslərin rəsmi müraciətləri əsasında aparılır.
Müraciət Agentlik tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.
Qiymətləndirmə Agentlik tərəfindən iki istiqamətdə aparılır:
- əməliyyat uyğunluğunun qiymətləndirilməsi;
- idarəetmə uyğunluğunun qiymətləndirilməsi (hüquqi və fiziki şəxslərə münasibətdə).
2.4. Əməliyyat uyğunluğunun qiymətləndirilməsinin məqsədi dövlət orqanları və şəxslərin minatəmizləmə fəaliyyətini yerinə yetirmək üçün əməliyyat resurslarına, səriştə və idarəetmə bacarıqlarına malik olmasını müəyyən etməkdir.
Əməliyyat uyğunluğunun qiymətləndirilməsi üçün dövlət orqanları və şəxslər tərəfindən Agentliyə aşağıdakı sənədlər və məlumatlar təqdim edilməlidir:
- minatəmizləyənlər, onlara dəstək göstərən heyət və tibb işçilərindən ibarət əməliyyat bölmələrinin təşkilati strukturu barədə sənədlər;
- dövlət orqanlarına və şəxslərə müqavilə əsasında minatəmizləmə fəaliyyəti üzrə xidmət göstərən şəxslər haqqında məlumat;
- işçilərin vəzifə təlimatlarının və minatəmizləmə fəaliyyəti üzrə keçdikləri təlimlərin sertifikatlarının surətləri, həmçinin ilkin tibbi yardımın hazırlığına və əməliyyatlara rəhbərlik edəcək heyətin tərcümeyi-halları;
- işçilərin təliminə və bacarıqlarının inkişaf etdirilməsinə aid proqramlar;
- tibb mütəxəssislərinin "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələri;
- SƏP-ə uyğun olaraq minatəmizləmə fəaliyyəti zamanı təhlükəsizliyin, əməyin mühafizəsinin və işçi heyətin sağlamlığının qorunmasının təmin edilməsi prosedurlarına dair sənədlər;
- minatəmizləmə fəaliyyəti üzrə daxili əməliyyat prosedurlarının müəyyən edildiyini əks etdirən sənəd;
- minatəmizləmə fəaliyyətində istifadə olunması nəzərdə tutulan fərdi mühafizə vasitələrinin, mexaniki minatəmizləmə maşınlarının, xüsusi təyinatlı digər texnikaların, axtarış cihazlarının (metal detektor, maqnetik lokator, dərin axtarış cihazları və s.), habelə digər minatəmizləmə vasitə, alət və avadanlıqlarının SƏP-də müəyyən edilmiş texniki göstəricilərə uyğunluğunu təsdiq edən sənədlər;
- minatəmizləmədə fəaliyyətində istifadə olunması nəzərdə tutulan heyvanların və onların bələdçilərinin SƏP-in tələblərinə uyğunluğunu təsdiq edən sənədlər;
- qüvvə və vasitələrin sayına uyğun növ və sayda nəqliyyat vasitələrinin, o cümlədən zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş təcili tibbi yardım avtomobillərinin olması haqqında məlumat.
Minatəmizləmə fəaliyyətinə cəlb olunan fiziki və hüquqi şəxslərin idarəetmə uyğunluğunun qiymətləndirilməsinin məqsədi onların idarəetmə, təşkilati və maliyyəiqtisadi resurslara malik olmasını müəyyən etməkdir.
İdarəetmə uyğunluğunun qiymətləndirilməsi üçün fiziki və hüquqi şəxslər tərəfindən Agentliyə aşağıdakılar haqqında sənədlər və məlumatlar təqdim edilməlidir:
- hüquqi şəxslərin və xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına, habelə fiziki şəxslərin vergi uçotuna alınması;
- maliyyə vəziyyəti və maddi-texniki təchizat imkanları;
- minatəmizləmə fəaliyyəti ilə əlaqədar əvvəl bağlanılmış müqavilə (müqavilələr) üzrə öhdəliklərin icra vəziyyəti;
- işçilərin icbari tibbi sığorta təminatı, fərdi qəza sığortası;
- idarəetmə sistemləri (o cümlədən risklərin, əməliyyatların, məlumatların, təhlükəsizliyin və keyfiyyətin idarəetmə sistemləri) və onların tətbiqi imkanları.
Qiymətləndirməyə dair dövlət orqanları və şəxslərin müraciətlərinə Agentlik tərəfindən Qanunun 5.3-cü və 5.6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılır.
Agentlik dövlət orqanları və şəxslər tərəfindən aidiyyəti üzrə təqdim edilmiş bu Qaydanın 2.5-ci və 2.7-ci bəndlərində göstərilən sənədlərdə uyğunsuzluq və çatışmazlıqlar müəyyən etdikdə, Qanunla müəyyən edilmiş müddətlərdə müraciət edənə bu barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndərir. Məlumatda sənədlərdəki uyğunsuzluq və çatışmazlıqlar dəqiq göstərilir. Həmin uyğunsuzluq və çatışmazlıqlar Qanunla müəyyən edilmiş müddətlərdə aradan qaldırılmalıdır. Bu zaman Qanunun 5.3-cü və 5.6-cı maddələrində nəzərdə tutulmuş müddətlərin axımı dayandırılır, uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması barədə məlumat daxil olduqdan sonra həmin müddətlərin axımı bərpa olunur.
Agentlik tərəfindən dövlət orqanları və şəxslərin qiymətləndirilməsi zamanı uyğunsuzluq və çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş uyğunsuzluq və çatışmazlıqlar Qanunla müəyyən edilmiş müddətlərdə aradan qaldırıldıqda onların minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olması barədə, uyğunsuzluq və çatışmazlıqlar aşkar edildikdə və Qanunla müəyyən edilmiş müddətlərdə aradan qaldırılmadıqda isə səbəbləri göstərilməklə onların minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olmaması barədə qərar qəbul edilir.
Qiymətləndirmənin nəticəsi barədə müraciət edənə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndərilir.
Agentliyin dövlət orqanının və ya şəxsin minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olmaması barədə qərarı həmin dövlət orqanının və şəxsin qiymətləndirmə üçün yenidən müraciət etməsinə mane olmur.
Dövlət orqanları və şəxslər qiymətləndirmənin nəticəsinə dair qərardan və qiymətləndirmə prosesində Agentliyin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etmək hüququna malikdirlər.