Paşinyan–Kilsə qarşıdurması: Ermənistan hakimiyyəti siyasi sabitliyi riskə atırmı?- ÖZƏL

Moskva Rusiya Pravoslav Kilsəsinin nümayəndəsi protoierey Nikolay Balaşov vasitəsilə açıq şəkildə bildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyan kilsəyə müdaxilə edərək konstitusiyanı pozur - ruhanilərə qarşı təqiblər, həbs və kilsə binalarının müsadirə edilməsi ittiham olunur. Hakimiyyətdən xaric edilmiş deputat Ovik Ağazaryan isə Paşinyanın kilsəni parçalaya və diasporu bölə biləcəyindən ehtiyatlanır. Eyni zamanda, hakimiyyət kilsə nümayəndələrinə qarşı kompromatları ictimailəşdirir. Ermənistan hökumətinin kilsəyə bu cür məhdudlaşdırıcı və ifşaedici addımları daxili siyasətdə hansı məqsədləri güdə bilər və bu, Ermənistanın siyasi sabitliyinə necə təsir edə bilər?


Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 
"Bu məsələ Ermənistanda hazırda çox prinsipial bir məsələ əhəmiyyət kəsb edir. Ermənistanın baş naziri Nikol Paşinyan kilsəni və diasporanı ölkədə gedən siyasi proseslərə mənfi təsir göstərməkdə ittiham edir. Yəni, o hesab edir ki, onlar proseslərə mənfi təsir göstərməyə çalışırlar. Məsələn, Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqları prosesində Kilsə və diaspora mənfi təsir göstərə biləcəyindən ehtiyatlanır. Bu məsələlər Ermənistanda narahatlıq doğurur. Həqiqətən də, Kilsə, diaspora, daşnaklar və radikal qruplar Azərbaycanla aparılan sülh prosesinin gedişatından narazıdırlar. Onlar məsələlərə fərqli baxırlar və hadisələri fərqli görmək istəyirlər. Yaxşı haldır ki, Paşinyan onların bu radikal və pozucu fəaliyyətlərinin Ermənistanda genişlənməsinə imkan vermir. Paşinyanın Kilsə ilə bağlı davranışları isə Kilsə rəhbərlərinin konkret törətdikləri əməllərlə bağlıdır. Paşinyan Kilsə rəhbərlərinin əməllərinə görə onları ittiham edir. Məsələn, onlar subaylıq andı içiblər ki, evlənməyəcəklər, amma elə keşişlər var ki, uşaqları var. Onlar qanun pozuntularına yol veriblər və onlara qarşı konkret ittihamlar səsləndirilir. Məsələ bundadır ki, onlar bu ittihamları əsaslı şəkildə təkzib edə bilmirlər. Nəticədə isə, Paşinyanın dedikləri cəmiyyət tərəfindən rəğbətlə qarşılanır və o, dəstək qazanır. Görünən odur ki, kilsə bu müqaviməti təşkil etməkdə acizdir. Düşünmürəm ki, baş verən hadisələr yəni, kilsə nümayəndələrinin ifşa olunması, onların törətdiyi neqativ əməllərin üzə çıxarılması Ermənistanın siyasi sabitliyinə ciddi təsir göstərəcək. Düzdür, qarışıqlıqlar, aksiyalar var, amma Paşinyan hələlik bu prosesi idarə edə bilir və proses də irəliləməkdə davam edir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31