“Tranzit qərarı sülh jestidir, dəstək deyil” – ŞƏRH – ÖZƏL

"Ermənistan xalqı revanşist qüvvələrə inanmır və bu inamını həm seçkilərdə, həm də aparılan sorğularda aydın şəkildə göstərir. Hal-hazırda Ermənistanda keçirilən rəy sorğularına əsasən, yenidən Nikol Paşinyanın partiyasının parlament seçkilərində qalib gələcəyi proqnozlaşdırılır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, seçki öncəsi aparılan sorğular da göstərir ki, Ermənistan cəmiyyətində radikal düşərgəyə münasibət müsbət deyil. Ermənistan xalqı əsasən Paşinyanı ona görə dəstəkləyir ki, o, Qərbə inteqrasiya istiqamətində ardıcıl siyasət aparır. Ölkədə Avropa İttifaqına və digər Qərb təşkilatlarına üzvlük meyli, qərbyönümlü əhvali-ruhiyyə mövcuddur.

"Eyni zamanda Paşinyanın Azərbaycanla sülh və əmin-amanlıq şəraiti yaratmaq istiqamətində atdığı addımlar da regionda yeni, qeyri-siyasi əməkdaşlıq ruhunun formalaşmasına zəmin yaradır. Azərbaycanın Ermənistan üçün tranzit qadağasını aradan qaldırması isə heç bir tərəfə siyasi dəstək anlamına gəlmir", - deyə ekspert əlavə edib.

Z. Əmrəliyev qeyd edib ki, Azərbaycan nə Ermənistanın, nə də başqa bir ölkənin daxili işlərinə qarışmır. Ermənistan xalqı özü qərar verir - kimi dəstəkləyir və kimi seçir, bu, onların daxili işidir. Tranzit məhdudiyyətinin aradan qaldırılması sadəcə olaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması məqsədilə irəli atılmış bir addımdır. Azərbaycan bu kimi müsbət addımlarla sülh prosesində nə qədər səmimi olduğunu açıq şəkildə nümayiş etdirir. Azərbaycan müharibədə qalib gələn tərəf olsa da, əsas məqsədi regionda dayanıqlı və davamlı sülhün bərqərar olmasıdır.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanda bəzi müxalif qüvvələrin bu addımı yanlış yozaraq "Azərbaycan Paşinyana dəstək verir" kimi təqdim etməsinin heç bir əsası yoxdur. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan tərəfi sülhün əldə olunması üçün bu istiqamətdə addımlar atmağa davam edəcək. 
Eyni zamanda, əgər revanşist qüvvələr yenidən hakimiyyətə gələrək Azərbaycana qarşı təxribatlara əl atarlarsa, Azərbaycan bu təxribatlara adekvat şəkildə cavab verəcək və onları yerində oturdacaq. Bu məsələdə heç kimdə şübhə olmamalıdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31