Gürcüstan böhranı: Aİ inteqrasiyası suallar altında – ÖZƏL
07:13 Siyasət"Tiflisdəki etirazlar getdikcə çoxalarsa, vəziyyətin gərginləşməsi qaçılmaz olacaq. Etirazların artması, əslində, bu gün Gürcüstanda Qərbyönümlü müxalifətin və ümumilikdə Qərbin yaratmaq istədiyi qarşıdurmanın bir hissəsidir".
Bu fikirləri mövzunu Olaylar.az-a şərh edərkən politoloq Ramiyə Məmmədova deyib. Politoloq bildirib ki, Rusiya tərəfdən baxdıqda isə, Gürcüstan hökumətinin Avropadan uzaqlaşmaması və ya uzaqlaşmağa cəhd etməməsi nəticəsində hazırda Tiflisdə baş verən ixtişaşlara Qərbin dolayı yolla dəstək verdiyi görünür.
"Etirazların miqyası böyüdükcə, təbii ki, qarşıdurmalar da dərinləşəcək. Hətta bu prosesin nəticəsi olaraq Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı da arta bilər. Belə bir halda hökumətdə olan partiya cəmiyyətdəki narazılıqları sakitləşdirmək üçün müəyyən qərarlar qəbul etməyə məcbur qalacaq", - deyə ekspert əlavə edib.
Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə İvanaşviliyə istinad edən hakimiyyətin Rusiya ilə münasibətləri daha isti saxlamağa çalışdığı müşahidə olunur. Bu isə Qərbin narahatlığına səbəb olur. Qərb Gürcüstanın Rusiya ilə yaxınlaşmasını istəmir və buna görə də ölkədə baş verən hadisələrə müəyyən mənada təsir göstərməyə çalışır. Eyni zamanda keçmiş prezident Salome Zurabişvilinin etirazçılara dəstək verməsi də Gürcüstan rəhbərliyində fikir ayrılıqlarının dərinləşdiyini göstərir. Onun bu addımı Qərbin dəstəyi ilə atılmış kimi görünür və bu, Qərbin Gürcüstanda qərbyönümlü siyasi kursu gücləndirməyə çalışdığını nümayiş etdirir.
Ekspert bildirib ki, hazırda əsas mübahisə mövzularından biri də "xarici agentlər haqqında qanun"dur. Bu qanun, Qərbin sərt reaksiyasına səbəb olub, çünki Qərb hesab edir ki, bu addım Gürcüstanı Rusiya modelinə yaxınlaşdırır. Rusiya ilə münasibətlərdə müşahidə olunan "isinişmə" ritorikası da Qərbi narahat edib və nəticədə bu narazılıq kütləvi etirazlarla özünü göstərib.
R. Məmmədova sonda vurğulayıb ki, bu qarşıdurmalar davam edərsə və meydanlar boşalmasa, Gürcüstanda yeni siyasi dəyişikliklər baş verə bilər. Əks halda, bu gərginlik uzunmüddətli böhrana çevrilə bilər. Vəziyyət bu şəkildə davam edərsə, Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi də sual altına düşə bilər.
Sevda Dəniz