Gürcüstanın Avropa yolu risk altında? Ekspert: "AB Tiflisdə istədiyi hakimiyyəti görə bilmir" – ÖZƏL
16:01 SiyasətTiflisdə müxalifətin kütləvi yürüşü və mitinqi siyasi gərginliyi artırıb, onlarla nümayişçi saxlanılıb.
Prezident Salome Zurabişvili də etirazlara qoşularaq, "Gürcü Arzusu"nun legitimliyinin olmadığını və yeni seçkilər tələb edib. Bu, onun müxalifətlə açıq ittifaqıdır.
"Azadlıq Meydanı" lideri Levan Tsutskiridze isə hökumətin istefasını və həbs olunanların azad edilməsini tələb edib.
Qərb Gürcüstan hökumətini "Rusiyanın təsiri" ilə demokratiyadan uzaqlaşmaqda ittiham edir.
"Qərbin ittihamlarını doğru hesab etmirəm. Gürcüstan heç bir halda Rusiyanın təsiri altında deyil. Çünki proseslər göstərir ki, Gürcüstan bu günədək Rusiya ilə diplomatik əlaqələri bərpa etməyib və siyasi baxımdan Moskva ilə əməkdaşlıq etmir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, sadəcə iqtisadi sahədə müəyyən əlaqələr mövcuddur və bu da Gürcüstanın öz maraqlarına xidmət edir. Çünki ölkənin kənd təsərrüfatı məhsulları istər şərab, istər mandarin, istər portağal olsun əsasən Rusiya bazarına ixrac olunur.
Siyasi şərhçi əlavə edib ki, Gürcüstan 2008-ci il müharibəsinin nəticələrindən ciddi dərs çıxarıb. O, Abxaziya və Cənubi Osetiyanın qaytarılmasında hərbi yox, diplomatik yolu seçib. Gürcüstan anlayır ki, həmin müharibə zamanı onu nə Avropa dövlətləri, nə də ABŞ müdafiə etmişdi. Hazırkı vəziyyətdə də Ukraynanın təcrübəsi göz önündədir: eyni ssenari Gürcüstanda da təkrarlansa, ölkə ağır vəziyyətə düşə bilər.
"Avropa İttifaqı üçün demokratiya və insan haqları tez-tez siyasi alətə çevrilir. Avropalılar istəyirlər ki, Gürcüstanda onların maraqlarına uyğun hakimiyyət formalaşsın və bu hakimiyyət Rusiyaya qarşı ikinci cəbhə kimi çıxış etsin. Bu, mənim fikrim deyil - Gürcüstanın baş naziri İrakli Qaribaşvili, parlament sədri Şalva Papuaşvili və hakim partiyanın digər nümayəndələri dəfələrlə faktlarla bunu açıqlayıblar. Avropa İttifaqı Gürcüstanda istədiyi hakimiyyət olmadığı üçün müxtəlif təzyiq vasitələrindən istifadə edir" - deyə ekspert qeyd edib.
Ş. Ağayev bildirib ki, etirazların növbədənkənar seçkilərə səbəb olacağına inanmıram. Çünki etirazlar geniş miqyasda deyil. Dünən də parlament qarşısında keçirilən aksiyalar nisbətən kiçik idi və onların ölkədə yeni seçkilərə səbəb olacağı real görünmür. Hazırda bələdiyyə və parlament səviyyəsində bütün hakimiyyət indiki iqtidarın əlindədir.
Qərbin ittihamları fonunda Gürcüstanın Avropa yolu risk altındadırmı?
Məncə, yox. Gürcüstan hökuməti dəfələrlə bəyan edib ki, Avropa inteqrasiyası kursundan imtina etməyib və bu istiqamətdə addımları davam etdirir. Sadəcə, Avropa İttifaqı Gürcüstanda öz maraqlarına uyğun siyasətçilər hakimiyyətə gəlmədiyi üçün bu münasibətləri soyudur. Əslində, Avropa Birliyi Gürcüstanı özü uzaqlaşdırır. Mən tam səmimi deyirəm: iqtisadi, siyasi və sosial göstəricilər baxımından Gürcüstan həm Ukraynadan, həm də Moldovadan daha çox Avropa Birliyinə üzv olmaq haqqına malikdir. Amma baxın - Ukraynada bu qədər problemlər var: orada müharibə gedir, müxalifət demək olar ki, qalmayıb, başqa dildə danışmaq belə qadağandır. Lakin Avropa Birliyi yenə də Ukraynanı üzvlüyə yaxınlaşdırır. Gürcüstanda isə belə məhdudiyyətlər yoxdur, amma deyirlər ki, "sən Avropa dəyərlərindən uzaqsan."
Bu, açıq-aşkar ikili standartdır. Avropa Birliyi öz maraqlarına uyğun olmayan hökumətlərə qarşı daim təzyiq göstərir. Əgər bu münasibət davam edərsə, nəticədə Gürcüstan Avropa Birliyindən uzaqlaşa bilər.
Siyasi şərhçi qeyd edib ki, amma hazırkı hökumətin bu prosesdən imtina etmək niyyəti yoxdur. Təbii ki, əgər Avropa Birliyi Gürcüstanı istəmirsə, ölkə də məcburi şəkildə ora daxil ola bilməz. Bu vəziyyət müəyyən mənada Türkiyənin timsalında da müşahidə olunur: artıq 30-40 ildir ki, Türkiyə Avropa Birliyinin bütün tələblərini yerinə yetirsə də, onun qapıları hələ də bağlıdır.
Bütün bunlar bir daha göstərir ki, Avropa Birliyi demokratiya və insan haqları prinsiplərindən bəzən yalnız siyasi vasitə kimi istifadə edir.
Sevda Dəniz