Paşinyanın sülh bəyanatı həm cəmiyyətə, həm də müxalifətə ünvanlanıb- ÖZƏL

"Ermənistanın Baş naziri Nikol Paşinyanın "sülhü seçməsək, Ermənistan münaqişəyə sürüklənəcək" fikri daxili siyasi mübarizədə müxalif rəqiblərinə, xüsusən də revanşist qüvvələrə açıq xəbərdarlıq kimi qiymətləndirilə bilər. Bu bəyanatla Nikol Paşinyan mesaj verir ki, Azərbaycanla sənəddə və sözdə razılaşdırılan məsələlərin icra olunmaması sülh prosesinə zərbə vurur və ölkəni yenidən müharibə ritorikasına qaytara bilər". 
Bu fikirləri politoloq Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Eyni zamanda, bu çağırış Ermənistan cəmiyyətinə də ünvanlanıb. Nikol Paşinyan seçkiləri "sülh və müharibə arasında seçim" kimi təqdim edir, onun fikrincə, onu seçmək sülhü seçmək deməkdir, rəqiblərinin qalib gəlməsi isə ölkəni yenidən gərginliyə və qarşıdurmaya aparacaq. Bu yolla o, cəmiyyətdə öz ətrafında birlik yaratmaq, sülh tərəfdarlarının dəstəyini gücləndirmək və müxalifətin təsir dairəsini zəiflətmək istəyir. 
Ümumilikdə Nikol Paşinyanın bu mövqeyi Ermənistan daxilində fərqli reaksiyalar doğurub. Sülh tərəfdarları və sabitlik istəyənlər onun çağırışını müsbət qiymətləndirirlər. Lakin keçmiş hakimiyyət nümayəndələri və revanşist qüvvələr bu mövqeni "təslimçilik" kimi qələmə verərək tənqid edirlər. Gözlənilən parlament seçkiləri Ermənistanın xarici siyasət kursunun gələcəyinə də təsir göstərə bilər. Mövcud gedişat davam edərsə, ölkənin Qərbə inteqrasiya istiqamətində addımları daha da güclənəcək. "Demokratik cəmiyyət" şüarı altında Qərb strukturları ilə əlaqələrin genişləndirilməsi prioritetə çevriləcək.
Rusiya-Ukrayna müharibəsi və qlobal siyasi proseslərdən asılı olaraq, rəsmi İrəvan iqtisadi gücünü artırmağa, Rusiyadan asılılığı azaltmağa və bu ölkədən uzaqlaşmaq üçün addımlarını genişləndirməyə çalışacaq. Ermənistan üçün tranzit məhdudiyyətlərinin aradan qalxması regionda yeni əməkdaşlıq imkanları yaradır. Yekun sülh sazişindən sonra Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi də reallığa çevrilə bilər. Çünki işğalçılığı səbəbindən uzun illər blokada şəraitində yaşayan Ermənistan üçün bu, yeni bir "imkan pəncərəsi" deməkdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31