“Biz İkinci Qarabağ savaşını haqlı olaraq Vətən müharibəsi adlandırırıq”- ÖZƏL

"Azərbaycan xalqının ədalətli, şərəfli, təntənəli və qürurlu milli mübarizəsi kimi tarixə düşən 44 günlük İkinci Qarabağ müharibəsi şanlı tariximiz, iftixar mənbəyimizdir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası mətbuat xidmətinin rəhbəri Nurlan Qələndərli deyib: "Biz İkinci Qarabağ savaşını haqlı olaraq Vətən müharibəsi adlandırırıq. Çünki bu, Vətənin bütövlüyü - ölkəmizin suverenliyinin tam təmin olunması uğrunda başlanmış və uğurla başa çatdırılmış Zəfər yürüşüdür. Bu şanlı qələbə sayəsində təkcə Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət deyil, eyni zamanda, milli qürurumuz, milli ləyaqətimiz bərpa olundu. Eyni zamanda, qüdrətli Azərbaycan dövləti erməni faşizminin başını əzməklə - belini qırmaqla, separatizmi məhv etməklə, təcavüzkarları döyüş meydanında layiqincə cəzalandırmaqla bəzi geosiyasi mərkəzlərin ikili standartlara əsaslanan siyasətini iflasa uğratdı".
O əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Qələbə təkcə döyüş meydanında əldə edilməyib, bu, beş mühüm istiqamətdə aparılan strateji fəaliyyətin real nəticəsidir: "Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasət kursu, məqsədyönlü informasiya - təbliğat və strateji diplomatiya siyasətinin həyata keçirilməsi, ölkənin iqtisadi müstəqilliyinin təmin olunması və maliyyə gücünün artırılması, milli həmrəyliyin gücləndirilməsi və nəhayət, hərbi potensialın - müdafiə qabiliyyətinin artırılması Azərbaycanı möhtəşəm Zəfərə aparan fundamental amillər qismində çıxış etdi. Son sözü isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə və peşəkarlıqla yerinə yetirən qüdrətli Azərbaycan Ordusu dedi: "Qarabağ Azərbaycandır!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31