Ermənistanın gələcəyi Türkiyə və Azərbaycanla bağlıdır- ÖZƏL
11:36 Siyasət"Türkiyə-Azərbaycan münasibətləri müasir beynəlxalq münasibətlər sisteminə yeni nəfəs gətirib". "Olaaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov deyib: "Məsələ ondan ibarətdir ki, müasir beynəlxalq münasibətlər sistemində hər hansı regionda bir ölkənin güclənməsinin başqa ölkələrin müstəqilliyinə təhdid yaratdığını görürük. Təəssüf ki, bir birinə yaxın ölkələr belə bir reallığı yaşayırlar. Misal olaraq, Rusiya ilə Ukrayna arasında olan mövcud münasibətləri göstərmək olar. Eyni kökə, tarixə sahib olan qonşu dövlətlərin arasında bu gün ciddi problemlər var. Digər misalı Ermənistan və Rusiya münasibətləri kontekstində deyə bilərik. Uzun illərdir bu ölkələrin yaxın münasibətləri var. Amma bu münasibətlər bərabər səviyyədə əlaqələrin yaradılması əsasında təşkil olunmayıb. Ermənistan faktiki olaraq öz müstəqilliyini itirmiş vəziyyətdədir. Onun iqtisadiyyatı, hərbi durumu və s. özündən asılı deyil. Ermənistanın gələcəyi birbaşa Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasından asılıdır. Bu, Ermənistan üçün tarixi şansdır. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də MDB Dövlət Başçıları Şurasının iclasında qeyd etdi ki, Ermənistan bu tarixi şansı itirməməlidir. Ermənistanın real dövlət kimi gələcəyi məhz Türkiyə və Azərbaycanla bağlıdır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər, infrastruktur layihələrinin həyata keçirilməsi çox önəmlidir".