Tarixi uğurumuzun Qubadlı səhifəsi
10:05 SiyasətTarixi keçmişi və coğrafı mövqeyi ilə Qubadlı rayonu düşmənin əsas hədəflərindən olub. Taxirin səhifələrini vərəqləyəndə aydın olur ki, gizlin məqsədlərini reallaşdırmaq məqsədi ilə ermənilər "Qırmızı Kürdüstan" adı altında çirkin əməllərini həyata keçirmək istəyib. Lakin Əlyanlı kənd sakinlərinin ciddi təkidi və həyata keçirdiyi fədakar mübarizə ilə bu plan suya düşüb.
Uzun illər işğal altında olan Qubadlının yeraltı və yerüstü sərvətlərindən yararlanan mənfur ermənilər şəhəri vuran qoyub. İnfrastrukturu dağıdıb. Tarixi-mədəni abidələri məhv edib.
44 günlük Zəfər səlnaməsində Qubadlı da digər şəhər və rayonlarımız kimi düşməndən azad olundu. Zəngilan və Cəbrayılın düşməndən azad edilməsi Qubadlının işğaldan azad olunmasını sürətləndirdi.
2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı ilə Qubadlı şəhəri işğaldan azad olundu. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 25 oktyabr ölkəmizdə Qubadlı şəhəri günü kimi qeyd olunur. İşğaldan azad edildikdən dərhal sonra Qubadlı rayonunda təhlükəsizlik və idarəetmə sahəsində mühüm addımlar atıldı. 27 oktyabr 2021-ci il tarixində "Qubadlı" gömrük postunun yaradılması bu istiqamətdə atılan strateji qərarlardan biri oldu. Bu postun fəaliyyəti bölgədə qanunsuz əməllərin qarşısının alınmasına, dövlət sərhədinin qorunmasına və gömrük nəzarətinin effektiv həyata keçirilməsinə xidmət edirdi.
Qubadlı rayonu bir sıra özəllikləri ilə fərqlənir. İlk öncə torpağın münbit olması bol məhsuldarlıq üçün əlverişli şərait yaradır. Əsasən mülayim isti və subtropik iqlimə malik olan Qubadlının flora və faunası zəngindir. Əkinçilik və maldarlıq üçün bu rayonda geniş imkanlar var. Hazırda digər azad edilmiş ərazilərdə olduğu kimi Qubadlı da qısa müddətdə quruculuq və bərpa məkanına çevrilib. Mahruzlu və Zilanlı kəndlərində yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur qurulur. Eyni zamanda, Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi bölgənin nəqliyyat imkanlarını genişləndirərək sosial-iqtisadi inkişafına təkan verir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı