Paşinyanla Moskva arasında açıq savaş: Kilsə, oliqarxlar və müxalifət cəbhədə- ÖZƏL
24 Oktyabr 2025 17:46 SiyasətErmənistan Xarici İşlər naziri Ararat Mirzoyan "Deutsche Welle"yə müsahibəsində Rusiya mediası və siyasətçilərinin Ermənistanın suveren qərarlarına qarşı sərt tənqidlərini kəskin pisləyib. Nazir, bu cür hücumların İrəvan və Moskva arasında parçalanmanı və fikirayrılıqlarını dərinləşdirdiyini bildirib.
Qeyd edək ki, qarşıdan gələn parlament seçkiləri ərəfəsində Rusiya mediasında Paşinyana qarşı tənqidlər artır, eyni zamanda Ermənistan-Rusiya ticarət dövriyyəsi azalır. Paşinyan isə Rusiyameylli müxalifəti zərərsizləşdirmək üçün, o cümlədən Gümrü merinin həbsi kimi, qətiyyətli addımlar atır. Moskva bu addımları və Paşinyanın Qərbə meylini narahatlıqla izləyir.
Paşinyanın Rusiyameylli müxalifətə qarşı addımları Kremlin hansı cavabını gətirəcək?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
"Ermənistanda hakimiyyət uğrunda mübarizə artıq özünün son mərhələsinə çatmaqdadır. Faktiki olaraq həm müxalifət, həm iqtidar bütün resurslardan istifadə etməyə çalışır. Bir tərəfdən, Paşinyanın hakimiyyətini devirmək üçün Rusiya faktiki olaraq Paşinyana qarşı bütün vasitələri, özünə bağlı qüvvələrdən istifadə edir. Məsələn, keçmiş Koçaryan və Sarkisyan bloku yenidən fəallaşmaqdadır. Bütün Qarabağ erməniləri faktiki olaraq Rusiyanın xətti ilə hərəkət edir və onlara dəstək verir. Bundan başqa, Rusiya Ermənistanda yeni "oliqarx prezident" layihələri ortaya atır. Bundan əvvəl Vardanyanla bağlı belə bir layihə vardı ki, guya o, Qarabağda sərvətlərini xərcləyib daha sonra Ermənistanda hakimiyyətə gələcəkdi. Hazırda isə Vardanyan Bakıda DTX-nın zirzəmisindədir. Faktiki olaraq bundan sonra Vardanyanın planı iflasa uğradı.
Bundan başqa kilsə var. Kilsə Paşinyanla mübarizəni açıq xəttə aparır. Paşinyan kilsəni murdarladığını elan edir. Burada Rusiya kilsə daxilində öz gizli silahlarından istifadə edir. Ermənistanda böyük aksiyalar elə kilsələr tərəfindən təşkil olunur. Bunlar göstərir ki, Rusiya bütün var gücü ilə təzyiqi əlinə alıb və Paşinyanı divara sıxaraq Ermənistana qarşı fəaliyyət göstərir. Bundan başqa, Ermənistandan Rusiyaya məhsul ixracına qadağalar qoyulur, Ermənistan iş adamları sıxışdırılır. Xüsusilə, erməni iş adamlarının və Ermənistan vətəndaşlarının nəzarətində olan media Paşinyana qarşı çevrilir. Bunun qarşılığında Putin faktoru Ermənistanın real təsəvvür dövrünü ortaya qoyaraq Paşinyanı çətin vəziyyətə salır. Çünki Paşinyan faktoru Rusiyaya qarşı sanksiyaların dayanmağına kömək edirdi. Paşinyan da bu təzyiqlərə qarşı müqavimət göstərir. Paşinyan açıq şəkildə kilsəyə qarşı mübarizə elan edib və kilsə rəhbərini bir sıra məsələlərdə ittiham edir. O, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını elan edib. Həmçinin, Qərbə inteqrasiya edəcəyini, konstitusiyanı dəyişdirəcəyini və qonşularla normal münasibətlər quracağını bildirib.
Bundan başqa, Paşinyan bəzən sərt üsullara da əl atır. Məsələn, Rusiya meyilli "oliqarx" üzvlərinin həbsi, Rusiya meyilli siyasətçilərin həbsi baş verib. Bundan başqa, Rusiya meyilli şəhərlərdə, kilsə ilə əlaqəli şəxslər, fərqli nazirlər, müxtəlif qurumların rəhbərləri, hətta gömrük əməkdaşları belə həbs edilib. Bu isə bir tərəfdən Paşinyana qarşı zərbədir, çünki Paşinyan Qərbdə demokratik dəyərlərin daşıyıcısı, demokratik dünyanın siması, Rusiya ilə mübarizə aparan siyasətçi kimi təqdim olunurdu. Rusiya isə bunun fonunda həm də Ermənistanda ticarət dövriyyəsini artıraraq Paşinyanı pis vəziyyətə salmağa, Qərbin gözündə nüfuzunu azaltmağa və sonda Ermənistanda özünə yaxın şəxsi hakimiyyətə gətirməyə çalışır".
Zeynəb Mustafazadə