“Qubadlının azadlığı Azərbaycanın mənəvi zəfəri oldu” – Taleh Əliyev – ÖZƏL
15:09 Siyasət"Qubadlının düşmən işğalından azad olunmasının gedişindəki ən mühüm əhəmiyyət, şübhəsiz ki, Azərbaycan torpaqlarının daha bir hissəsinin - qədim Azərbaycan yurdu olan Qubadlının azad edilməsi faktı ilə yanaşı, həm də mənəvi-psixoloji üstünlüyün əldə olunmasında idi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu hadisə Azərbaycan xalqında və Silahlı Qüvvələrimizdə böyük qələbəyə olan inamı daha da möhkəmləndirməklə yanaşı, düşməndə mənəvi-psixoloji tənəzzülü dərinləşdirirdi. Düşmən artıq tam şəkildə məğlubiyyətə uğrayacağını anlayırdı.
"Xatırlayırsınızsa, beş il əvvəl Azərbaycan rayonları bir-birinin ardınca işğaldan azad edilərkən, Ermənistanda yaranmış panik vəziyyət bundan ibarət idi ki, Azərbaycan təkcə Qarabağı azad etməklə kifayətlənməyəcək, eyni zamanda Kəlbəcəri, Zəngilanı, Qubadlını və sonda da Zəngəzuru özünə birləşdirəcək.
Qubadlının azad edilməsi, qeyd etdiyim kimi, həm Azərbaycan xalqının inamını yüksəldirdi, həm də düşmən tərəfdə mənəvi-psixoloji sarsıntını dərinləşdirirdi", - deyə ekspert qeyd edib.
Siyasi şərhçi əlavə edib ki, işğaldan azad olunmuş Qubadlıda, eləcə də Şərqi Zəngəzur və Qarabağın digər bölgələrində həyata keçirilən böyük "Böyük Qayıdış" siyasəti ilk növbədə Azərbaycanın öz tarixi yaşayış məskənlərinə - ata-baba yurdlarına dönüşünü dünyaya nümayiş etdirir. Dünya bir daha əmin olur ki, bu torpaqlar Azərbaycan torpağıdır və xalq öz doğma yurduna qayıdır.
Bu, həm də 30 il ərzində viran qalmış, ekologiyası məhv edilmiş, yaşıllıq örtüyü qırılmış, torpaqları mina və müxtəlif silah qalıqları ilə zəhərlənmiş bölgələrə həyatın qayıdışı deməkdir.
"Qubadlının və ümumilikdə Şərqi Zəngəzurun yaxın gələcəkdə Azərbaycanın ən yaşıl və dinamik iqtisadi bölgələrindən birinə çevrilməsi, ölkəmizin digər regionları üçün də nümunə olacaq.
Beləliklə, bu böyük qayıdış prosesi Cənubi Qafqazda Azərbaycan timsalında yeni bir mərhələnin başlanğıcını qoyur", - deyə T. Əliyev vurğulayıb.
Allah şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa versin, Azərbaycan Ordusunu daim müzəffər etsin. Uca bayrağımız hər zaman vətən göylərində dalğalansın!
Sevda Dəniz