Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələ- ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi istiqamətində mühüm hadisə kimi tarixə düşdü. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və aparılan danışıqlar münasibətlərin strateji mahiyyətini bir daha təsdiqlədi. Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təkbətək görüşü qarşılıqlı etimadın və sarsılmaz dostluğun bariz nümunəsi oldu. Liderlər arasında aparılan müzakirələr birgə gələcəyin daha aydın və real perspektivlər üzərində qurulduğunu göstərdi.

Səfər zamanı keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası nəticəyönümlü xarakter daşıdı. Bu görüşdə tərəflər əmtəə dövriyyəsinin yaxın illərdə iki dəfə artırılması barədə razılığa gəldilər. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin genişləndirilməsi və yeni Trans-Xəzər bərə sisteminin yaradılması regionda enerji təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıyır. Bu təşəbbüslər yalnız iqtisadi maraqlara deyil, həm də regional sabitliyə xidmət edir.

Azərbaycan və Qazaxıstanın əməkdaşlığı artıq iqtisadi çərçivədən çıxaraq, humanitar və mədəni əlaqələr sahəsində də özünü göstərir. Füzuli rayonunda inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu dostluğun canlı təzahürüdür. Qazaxıstanın azad edilmiş ərazilərin bərpasına verdiyi töhfə iki ölkə arasında mənəvi birliyi daha da gücləndirir. Bu, sadəcə bir infrastruktur layihəsi deyil, həm də xalqların bir-birinə olan hörmətinin və bağlılığının ifadəsidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Qazaxıstan təkcə dost ölkələr deyil, həm də bir-birinə mənəvi və tarixi dəyərlərlə bağlı qardaş xalqlardır. İkitərəfli münasibətlər 170-dən çox hüquqi sənəd əsasında formalaşıb və hər biri gələcək əməkdaşlığın daha səmərəli istiqamətlərdə inkişafına xidmət edir. Bu gün bu münasibətlər regionda sabitliyin və tərəqqinin dayağıdır.

Əminə Məhərrəmova

YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31