Oxşar mədəni ənənələr və mənəvi dəyərlərə əsaslanan əməkdaşlıq- ÖZƏL

"Prezident İlham Əliyevin "Kazinform" agentliyinə müsahibəsi Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu və siyasi əlaqələrin qarşılıqlı etimad üzərində qurulduğunu ətraflı şəkildə nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlıq, dostluq, ortaq türk kimliyi, oxşar mədəni ənənələr və mənəvi dəyərlər əsasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik möhkəmlənib. Bu münasibətlərin genişlənməsində ən mühüm amillərdən biri dövlətlərarası dialoqun fəal və konstruktiv şəkildə aparılmasıdır.
Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana reallaşdırdığı yeddinci səfəri və bu ölkənin dövlət başçısı Kasım-Jomart Tokayevin Azərbaycana altı səfəri ölkələrimiz arasındakı tərəfdaşlığın hərtərəfli inkişafını təcəssüm etdirir. Müntəzəm təmaslar gündəlikdə duran aktual məsələlərin operativ həllinə və strateji əməkdaşlığın əsas istiqamətlərində razılaşdırılmış mövqelərin müəyyənləşməsinə imkan verir.
Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20 ili tamam olub. Ötən müddət ərzində təqribən 170 hüquqi sənəd hazırlanaraq siyasi, iqtisadi-ticari, investisiya və mədəni-humanitar sahələrdə əməkdaşlıq mexanizmləri formalaşdırılıb. Bu müqavilə müxtəlif sahələrdə əməkdaşlığın etibarlı təməlini qoyaraq tərəflər arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31