Ermənistan seçkiləri: Revanşist qüvvələr və Moldova təcrübəsi - ÖZƏL

"Ermənistanda seçki prosesi ilə Moldova təcrübəsi arasında müəyyən oxşarlıqlar mövcuddur. Bunun nədən ibarət olduğunu anlamaq üçün əvvəlcə Moldovadakı seçki prosesi və seçkidən əvvəlki siyasi vəziyyət nəzərdən keçirilməlidir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Moldovada hazırda  Avropa inteqrasiyasını dəstəkləyən və Rusiyaya yaxın olan siyasi qüvvələr mövcuddur. Avrointeqrasiya tərəfdarı və Rusiya tərəfdarı qüvvələrin sərhədləri artıq aydın şəkildə müəyyənləşib və bu, seçkilərdə də özünü göstərir. Bundan əvvəl keçirilən prezident seçkilərində Avrointeqrasiya tərəfdarları qalib gəlsələr də, Rusiya tərəfdarlarının xüsusi çəkisinin böyük olduğu müşahidə olunub. Eyni tendensiya son parlament seçkilərində də davam etdi - Avrointeqrasiya tərəfdarları parlamentdə əhəmiyyətli üstünlük qazandılar, amma həm ölkədaxili, həm də xaricdə fəaliyyət göstərən tərəfdarlar öz siyasi ambisiyalarını açıq şəkildə ortaya qoydular.

Eyni vəziyyət  bu gün  Ermənistanda da müşahidə olunur. Paşinyan son 4-5 ildə açıq şəkildə Avrointeqrasiya xəttini dövlət siyasəti səviyyəsində həyata keçirir. Əvvəllər isə Rusiya tərəfdarı qüvvələr Ermənistanın daxili və xarici siyasətində daha aktiv və aparıcı mövqelərə sahib idilər. 

Eyni zamanda, bütün köhnə qüvvələr - hakimiyyətdən uzaqlaşdırılmışlar, "Böyük Ermənistan" xülyalarına dönmək istəyənlər, Kremlin təsiri altında olan qüvvələr, diaspor və lobbiçilik fəaliyyəti vasitəsilə Azərbaycana qarşı planlar hazırlayanlar - artıq aktivləşib və seçki yaxınlaşdıqca Rusiyanın təsirləri daha açıq görünəcək.

Ermənistan daxilində, xüsusilə kilsənin ətrafında, keçmiş revanşçı siyasi qüvvələr birləşirlər. Əgər kilsə siyasi təcavüzkar, anti-Türk və anti-Azərbaycan mövqeləri dəstəkləyirdisə, bu gün revanşçı qüvvələrin əsas dayağı məhz kilsənin ətrafında cəmləşib. Bu isə Ermənistanı əvvəlki qaranlıq dövrünə qaytarmaq istəyən qüvvələr üçün əlverişli zəmin yaradır.

Lakin bütün bunlar Ermənistan cəmiyyətinin fəallığından asılı olacaq. Əgər Avrointeqrasiya və sülh tərəfdarı qüvvələr kütləvi şəkildə öz mövqelərini müdafiə edə bilsələr, Moldova təcrübəsində olduğu kimi seçkilərdə uğur qazana bilərlər. Əks halda, sülh tərəfdarları passiv qalarsa, Paşinyanın partiyası parlament seçkilərində məğlubiyyətlə üzləşə bilər. Buna baxmayaraq, indiki qüvvələr nisbəti Paşinyanın partiyasına seçkilərdə müəyyən fərqlə üstünlük qazanmaq üçün əsas verir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31