Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutları arasında təmaslar artmalıdır- Elman Cəfərli - ÖZƏL
14:19 Siyasət"Azərbaycan QHT nümayəndələrinin Ermənistana səfəri tərəflər arasında qarşılıqlı etimad mühitinin yaranmasına xidmət edir. Azərbaycan 30 il davam edən Qarabağ münaqişəsinin qalib tərəfidir. 44 günlük müharibənin sonunda imzalanmış üçtərəfli Bəyanata əsasən Ermənistan kapitulyasiyaya razı olub, üzərinə öhdəliklər götürüb." Bu fikirləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib: "O öhdəliklərin bir qismini Azərbaycan 2023-cü ilin 19 sentyabr antiterror əməliyyatı ilə zorla əldə etdi. Ancaq bir sıra məsələlər hələ həllini tapmayıb. Bu öhdəliklərdən biri Zəngəzur dəhlizinin açılması, Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru əlaqələrinin bərpasına şəraitin yaradılmasıdır. Avqustda Vaşintqonda ABŞ prezidenti Donald Tramın vasitəçiliyi ilə imzalanan son razılaşmada da bu məsələnin həlli ilə bağlı xoş niyyətlər ifadə edilib. Rəsmi Bakı 1988-ci ildə Ermənistandan qovulmuş soydaşlarımızın öz ata-baba yurdlarına dönməsini tələb edir. Ermənistan məğlub tərəfdir. Azərbaycan təkbaşına 30 illik münaqişəni həll edib, öz ərazi bütövlüyünü təmin edib. Bu gün Azərbaycan Respublikasının BMT tərəfindən tanınan bütün ərazilərində suveren hüquqlarımız təmin edilib. Lakin bir sıra məsələlər var ki, onlar Ermənistanın iştirakı ilə həll edilməlidir. Bunlar Naxçıvana quru yolunun açılması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına, ekoloji terrora son qoyulmasıdır. Bəllidir ki, bu gün Azərbaycanın bir sıra transsərhəd çayları Ermənistandan axır. Ermənistanın dağ mədən sənayesi müəssisələri transsərhəd çaylarını çirkləndirir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq ekoloji terror davam edir. Onsuz da Ermənistan tərəfi işğal sürəcində Azərbaycanın Qarabağ bölgəsində ekoloji terror həyata keçirib, meşə zolaqlarımız, otlaq sahələrimiz, əkinə yararlı torpaqlar məhv edilib. Qarabağda baş verən ekoloji fəlakət, çaylarımıza qarşı həyata keçirilən ekosid bütövlükdə Cənubi Qafqazda ekosistemi təhdid edir. Ona görə də, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutları arasında təmaslar artmalıdır. Yaxşı olar ki, növbəti görüşdə hər ikitərəfi təmsil edən ekoloqlar görüşsün. Çünki həll ediləsi problemlər var. Xüsusən çay hövzələrində birgə monitorinqlər üçün razılığa gəlinməlidir. Ermənistan mina xəritəsini Azərbaycana verməlidir. Çünki Qarabağda işğal dönəmində basdırılmış 1.5 milyon mina və partlamamış hərbi sursat bu gün də Qarabağda aparılan tikinti-quruculuq, məskunlaşma işlərinə mane olur".
Elman Cəfərli deyib ki, dayanıqlı sülhün əldə edilməsi prosesində Ermənistan vətəndaş cəmiyyətinin üzərinə böyük vəzifə düşür: "Nikol Paşinyan iqtidarı 2020-23-cü ildən sonra yaranmış reallqları dərk edir və sülhə razı görünür. Lakin kilsə və revanşist qüvvələr dayanıqlı sülhə mane olurlar. Ermənistanın vətəndaş cəmiyyəti erməni toplumunu sülhə hazırlamalıdır. Azərbaycan tərəfində belə bir problem yoxdur. Dayanıqlı sülhü erməni tərəfi gecikdirir. Azərbaycan QHT-lərinin Ermənistana səfəri ilkdir və davamlı olmalıdır".
İBRAHİM MƏMMƏDLİ