Trampın sanksiyaları Rusiyanı sülhə yaxınlaşdıra biləcəkmi? - ÖZƏL

ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşdə Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edib. Bu, onun ikinci prezidentlik dövründə Moskva əleyhinə tətbiq olunan ilk genişmiqyaslı sanksiyalardır. Tramp bildirib ki, qərar "uzun gözləntidən sonra" verilib və məqsəd "müharibəni dayandırmaqdır".
Sanksiyalar Rusiyanın enerji nəhəngləri - "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı tətbiq olunub. 
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 
"   Bu, yeni bir gərginlik mənbəyi kimi qiymətləndirilə bilər, çünki münasibətlər bir qədər normal vəziyyətə və qaydaya düşmüş kimi görünürdü. Trampla Putinin görüşlərindən sonra hər iki tərəf ümidverici açıqlamalar verirdi. Dünya ictimaiyyəti, xüsusilə beynəlxalq səviyyədə maraqlı olan qüvvələr, bu iki dövlətin dialoq quraraq anlaşa biləcəyinə və müsbət nəticələr əldə edə biləcəyinə inanmaq istəyirdi. Çünki artıq dünya bir çox müharibələrdən, geosiyasi gərginliklərdən yorulmuşdu və yeni konfliktlərin qarşısını almaq üçün belə görüşlərə ümidlə baxılırdı. Mən burada daha çox Rusiya tərəfinin, xüsusilə Putinin davranışlarını vurğulamaq istəyirəm. Bu məsələlərdə Rusiya tərəfinin addımları bəzən pozucu element daşıyırdı və faktiki olaraq vəziyyəti mürəkkəbləşdirirdi. Bu səbəbdən Tramp və Amerika da Rusiyanın hərəkətlərindən narazıdır. Hətta ABŞ tərəfi açıq şəkildə sanksiyalar tətbiq etmək kimi addımlar atacağını da açıqlamışdı ki, bu da gərginliyin real olduğunu göstərir.
Bu mənada mən Trampın və Amerikanın bu davranışını təzyiq ilə Rusiyanı razı salmaq cəhdi kimi, təzyiq ilə Putini sülhə məcbur etməyə bir cəhd kimi qiymətləndirirəm. Amma bu cəhdin effektiv nəticə verəcəyinə inana bilmirəm". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31