Azərbaycanın təşəbbüsü regionda etimadı gücləndirir - ÖZƏL

Vaşinqton anlaşmasından sonra Bakı-İrəvan münasibətlərində yeni mərhələ başlayıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. İlk belə tranzit - Qazaxıstan taxılının Aktau-Bakı marşrutu ilə Ermənistana daşınması  artıq həyata keçirilib. Rəsmi İrəvan bu addımı alqışlayaraq, onu regional etimadın və əməkdaşlığın möhkəmlənməsi kimi qiymətləndirib. Ermənistanın baş naziri Nikol Paşinyan da bu qərara görə Prezident Əliyevə təşəkkür edib.
 Azərbaycan tərəfinin tranzit məhdudiyyətlərini aradan qaldırması regionda sülh prosesinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı politoloq Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
" Regionda 2020-ci ildə Azərbaycanın yaratdığı yeni reallıqlar dünya düzəninin formalaşmasına təsir edən amil olmaqla yanaşı, bölgədə iqtisadi əməkdaşlığı, siyasi əlaqələri və dövlətlərarası sülhün təşviqi istiqamətində də mühüm addımdır. Qarabağ Zəfəri və ardınca suverenliyimizin təmin edilməsi ərazilərimizdə separatizmin kökünü kəsdi və uzun illər ərzində formalaşdırılmış mənfi tendensiyaların yerli-dibli aradan qaldırılmasına təkan verdi. Vaxtilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və ərazilərimizdə mövcud olan təhdidlər həm dövlətlərarası münasibətləri zədələmiş, həm də İrəvanı blokada şəraitinə salmışdı.  Dünyada qalib dövlət kimi tanınan Azərbaycan müharibədən qısa müddət sonra Ermənistana sülh və əməkdaşlıq təşəbbüslərini təqdim etdi. Bunun nəticəsində ölkəmizin təşəbbüsü və dövlətimizin başçısının liderliyi ilə 30 ildən artıq davam edən ziyanlı sistem, qarşılıqlı əməkdaşlığı təşviq edən yeni formatla əvəz olundu.
Bəlli məsələdir ki, bu gün regionda sülh mümkündürsə, bu birbaşa Azərbaycanın və onun liderinin sayəsindədir. Danılmazdır fakdır ki, indiyədək sülh və etimadın gücləndirilməsi istiqamətində atılan addımların çoxu Azərbaycan tərəfindən edilib. İstər Zəngəzur dəhlizi ilə bağlı tranzit yollarının tikintisi və bərpası, istərsə də Ermənistan üçün tranzit məhdudiyyətlərin aradan qaldırılması, Vaşinqton razılaşmasından sonra etimad quruculuğu baxımından önəmli addımlardır. Bu, Azərbaycanın ilk olaraq addım ataraq sənəddə nəzərdə tutulan razılaşmaları praktik müstəvidə həyata keçirməsi deməkdir və uzun illər kəsilmiş əlaqələrin praktiki əməkdaşlıq sahəsində inkişafının başlanğıcıdır. Bu yaxınlaşma həm sülhün sürətlənməsinə, həm Azərbaycan-Ermənistan, həm də qonşu ölkələrlə əlaqələrin inkişafına xidmət edir və normallaşmaya yardım edir. Ermənistan rəsmilərinin bu addımı alqışlaması isə İrəvan daxilində pozitiv yanaşma kimi qəbul olunur və əlaqələrdəki buzların əriməsinə imkan yaradır.
Ümumilikdə, Azərbaycanın atdığı addımlar beynəlxalq səviyyədə ölkəmizin imicinə müsbət təsir edir və sülh tərəfdarı imicimizi daha da gücləndirir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31