İrəvan səfəri ilə normallaşma istiqamətində mühüm siqnal - ÖZƏL

Oktyabrın 21-də uzun fasilədən sonra AZAL-a məxsus təyyarə ilk dəfə olaraq İrəvan hava limanına enib. Təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri aparıb. Görüş Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin təşkilatçılığı ilə keçirilib
Bu səfəri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olarmı? Belə görüşlərin iki ölkə arasında sülh prosesinə real təsir göstərə biləcəyi nə dərəcədə mümkündür?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan və Ermənistan arasında vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü hazırkı reallıqda mühüm hadisədir. 8 Avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan memorandumla uyğundur. Məhz bu, sülh və təhlükəsizlik meyarları əsasında atılan addım kimi qiymətləndirilə bilər. Düşünürəm ki, bu addım həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təkan verir və yeni mərhələnin başlanğıcıdır. Digər məsələlər üzrə müzakirələr də başlaya bilər.
Çünki vətəndaş cəmiyyəti xalq ilə təmasda olan, ictimai rəyi formalaşdıran və ona təsir edən şəxslərdən ibarətdir. Bu mənada həmin şəxslərin bu görüşdə iştirakı etimadın güclənməsinə gətirib çıxarır. Böyük sülh üçün hesab edirəm ki, artıq hazırlıqlar gedir və bu proses uğurla başa çatmalıdır.
Cənubi Qafqazda sülh istəməyən qüvvələr mövcuddur və onlar fəaliyyət göstərirlər, lakin onların bütün cəhdlərinin qarşısı alınır və alınacaq. Çünki yeni düşüncə və təfəkkürlə sülhə yanaşmaq lazımdır. O cümlədən, ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və media nümayəndələrinin bu cür görüşlərdə iştirakı uzun illər ərzində mövcud olan nifrət nitqini və düşmənçiliyi aradan qaldırır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31