Cəmiyyətlər arasında dialoq sülhə aparan yolun əsas şərtidir- Turan Rzayev - ÖZƏL
23 Oktyabr 2025 12:47 SiyasətErmənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda keçirilən dəyirmi masa çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.Görüşdə sülh gündəliyi, iki xalq arasında etimadın gücləndirilməsi və Cənubi Qafqazda iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Qriqoryan bu cür təmasların xalqlar arasında sülhü möhkəmləndirəcəyini bildirib. Azərbaycan nümayəndələri isə yaradılan müsbət mühitə görə təşəkkür edərək, dialoqun davamlı olmasının vacibliyini vurğulayıblar.
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin bu tip görüşləri iki ölkə arasında siyasi münasibətlərə real təsir göstərə bilərmi? Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Əslində, bu tipli görüşlər əvvəllər də olurdu. 90-cı illərin sonlarına yaxın baş vermişdi. Bu, çox müsbət bir təşəbbüsdür. Sadəcə, həmin dövrün reallıqları artıq dəyişib. O vaxt üstünlük Ermənistanda idi, bu dəfə isə Azərbaycandadır. Amma indi yenə də məkan dəyişib, bu tipli görüşlər Ermənistanda keçirilir.
Bütün hallarda, diplomatik sferada liderlərin, dövlətlərarası nümayəndələrin görüşləri pozitiv notlarla keçirsə və real nəticələr əldə olunursa, təbii ki, cəmiyyətlərin də sülhə hazırlanması vacibdir. Xüsusən də ekspertlərin, politoloqların, mədəniyyət nümayəndələrinin bu tipli görüşlər keçirməsi iki cəmiyyəti sülhə yaxınlaşdırmalı, gələcəkdə münaqişənin və müharibənin təkrarlanmaması üçün nələr edilə biləcəyi müzakirə olunmalıdır. Buna həddən artıq çox ehtiyac var. Hesab edirəm ki, bu tipli görüşlər bundan sonra da davamlı şəkildə keçirilməlidir. Hətta daha yaxşı olardı ki, biz bu şəxsləri Azərbaycanda qəbul edək. Düzdür, Xankəndinə aparmaq bu görüşlərin motivinə zidd olar, amma hər halda, artıq müharibə bitib və sülhün də böyük ehtimalla gələn il imzalanacağı gözlənilir. Belə olan təqdirdə, cəmiyyətləri narahat edən məsələləri aradan qaldırmaq, sülhə gedən qapıları açmaq lazımdır. Yalnız insanlar arasında deyil, gələcək nəsillər arasında da sülhün davamlı olması vacibdir. Tarixə nəzər salsaq, bir çox ölkələrin uzun illər müharibə apardığının şahidi olmuşuq, amma hər bir müharibə bir gün bitməlidir. Heç kim digər xalqı yer üzündən silmək üçün müharibə aparmır, bunu gözləmək də doğru olmaz. Hərçənd, Ermənistanın törətdiyi əməllər və aktlar bizim yaddaşımızdan silinmir, amma bunları unutmadan, ehtiyatlı şəkildə sülhə doğru irəliləmək lazımdır.
Bir daha qeyd edirəm ki, bu tipli görüşlər olduqca önəmlidir, ardıcıl şəkildə keçirilməli və intensivləşdirilməlidir. Əlbəttə, bu görüşlərin siyasi proseslərə də təsiri var. Əgər Kopenhagendə, Şarm Əl-Şeyxdə və digər yerlərdə keçirilən görüşlərdə Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti İlham Əliyev vasitəçi və kənar müdaxilə olmadan səmimi şəkildə görüşür, pozitiv mesajlar verirlərsə, bu artıq hər iki ölkənin sülhə hazır olduğu mənasına gəlir. Liderlər arasında yaranan təmasların cəmiyyətə sirayət etməsi, jurnalistlərin, ekspertlərin bir araya gələrək müzakirələr aparması sülhün formalaşması üçün mütləqdir. Bu tipli görüşlər bu baxımdan çox əhəmiyyətlidir".
Zeynəb Mustafazadə