Mərkəzi Asiya ölkəsi ilə əməkdaşlıq xarici siyasi kursumuzda strateji prioritetdir- ÖZƏL
12:05 Siyasət"Oktyabrın 20-21-də Qazaxıstanda dövlət səfərində olan Prezident İlham Əliyevin həmkarı Kasım-Jomart Tokayevlə keçirdiyi görüşlər və apardığı müzakirələr iki ölkə arasında həqiqi dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi yadda qaldı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Səfərin iki ölkə arasında Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi isə rəmzi məna daşımaqla siyasi münasibətlərin yüksəksəviyyəli keyfiyyətini əks etdirdi. Ən mühüm məqam isə Prezident İlham Əliyevin birbaşa Kasım-Jomart Tokayev tərəfindən Astana Hava limanında böyük qonaqpərvərlik və yüksək ehtiramla qarşılanması və yola salınması idi. Bu siyasi jest və diplomatik davranış Azərbaycana və onun Liderinə olan dərin hörmətin və xüsusi etimadın göstəricisidir.
Oktyabrın 21-də Astanada Prezident İlham Əliyevin qazaxıstanlı həmkarı ilə təkbətək görüşü zamanı da bu münasibətin şahidi olduq. Qazaxıstan Prezidentinin Prezident İlham Əliyevə "Sizi Qazaxıstan Respublikasında rəsmi dövlət səfərində qəbul etmək mənim üçün böyük şərəf və məmnunluqdur. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir" ifadəsi dövlətimizin başçısına verilən yüksək dəyərin təzahürü sayılır.
Qazaxıstan Prezidentinin Azərbaycanı İlham Əliyevin liderliyi sayəsində öz mövqelərini xeyli möhkəmləndirməsini və beynəlxalq arenada nüfuzunu artırmasını bildirməsi, habelə ölkəmizin regional güc kimi çox mühüm rol oynamasına önəm verməsi bir daha rəsmi Astananın əsl qardaş və müttəfiq olmasının təsdiqidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Qazaxıstan Azərbaycan üçün yaxın və etibarlı tərəfdaş, mühüm ölkədir, ictimai-siyasi sabitliyin təmin olunduğu, iqtisadiyyatının gücləndiyi bu Mərkəzi Asiya ölkəsi ilə əməkdaşlıq xarici siyasi kursumuzda strateji prioritetlərdən biridir".