Budapeşt görüşünün baş tutmamasının səbəbi

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp Budapeştdə Putinin iştirakı ilə nəzərdə tutulan görüşü ləğv edib və iki gün ərzində sammitin sonradan baş tutub-tutmayacağı barədə məlumat verəcəyini bildirib. Paralel olaraq, ABŞ Konqresində Rusiyaya təzyiqi artıracaq yeni qanun layihələri hazırlanır.

Musavat.com xəbər verir ki, bununla bağlı Qərb mediasında maraqlı məlumatlar yayılıb.

Məlumata əsasən, Senatın profil komitəsi Putinə təzyiqi gücləndirmək üçün 3 təşəbbüsü təsdiqləməyə hazırlaşır.

Birincisi - ukraynalı uşaqların oğurlanmasına görə Rusiyanın terrorizmi dəstəkləyən dövlət kimi tanınması;

ikincisi - rus ordusuna dəstəyinə görə Çinə qarşı sanksiyaların tətbiqi;

üçüncüsü - ABŞ-ın dondurulmuş Rusiya aktivlərindən Ukraynaya hər 90 gündə maliyyə köçürməsini məcburi hala gətirmək.

"Rusiyaya qarşı nə qədər çox addım ata bilsək, bir o qədər də bunu etmək istəyimiz artır", - deyə Beynəlxalq Komitənin sədri, respublikaçı senator Ceyms Riş bildirib.

Qanun layihələrinin səsverməsi NATO baş katibi Mark Rüttenin Vaşinqtona bugünkü səfəri ilə eyni vaxta düşəcək.

Tramp sammitin ləğvini "boş görüşdən yayınmaq istəyi" ilə izah edib. Ağ Evin nümayəndəsi "Axios"a təsdiqləyib ki, prezident "mənasız görüş keçirmək istəmir", lakin danışıqların sonradan baş tutmasını da istisna etmir.

"Reuters" mənbələrinin məlumatına görə, qərar Moskvanın sərt mövqeyi ilə bağlıdır: ötən həftə Kreml Vaşinqtona qeyri-rəsmi sənəd göndərərək Donbas üzərində tam nəzarət və NATO-nun Ukrayna ərazisində mövcudluğunun istisna edilməsi tələblərini yenidən irəli sürüb. Ağ Ev isə bildirib ki, Tramp "atəşkəsin əsaslarını sarsıdan şərtləri qəbul etməyəcək", lakin sammitin keçirilmə ehtimalı barədə iki gün ərzində açıqlama verəcək.

Avropa diplomatlarının fikrincə, razılaşma üçün zəmin olmayıb.

"Ruslar çox şey istədi və Budapeştdə heç bir razılaşmanın mümkün olmayacağı aydın oldu", - Avropa nümayəndələrindən biri "Reuters"ə deyib.

Digər diplomat qeyd edib ki, "Moskva əldə olunmuş razılaşmalarda dayanmaqdan imtina edib", Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında danışıqlar isə nəticəsiz başa çatıb.

Diplomatların sözlərinə görə, növbəti görüşün təxirə salınması Vaşinqtonun dialoqu bərpa etməyə hazır olmadığının göstəricisidir - Rusiya mövqeyini dəyişmədikcə, bu baş verməyəcək.

Moskva isə danışıqların guya davam etdiyini göstərməyə çalışır.

Rusiyanın əsas danışıqlar nümayəndələrindən biri Kirill Dmitriyev sosial şəbəkə X-də yazıb ki, "sammitə hazırlıq plana uyğun gedir" və "KİV Ağ Evin açıqlamalarını təhrif edir".

"Trampın gözləntiləri çox yüksək idi, Putin isə ABŞ-ın "Tomahavk"lardan tez imtina etdiyini görüb bundan istifadə etməyə çalışdı və sərt mövqeyə qayıtdı - məqsəd amerikalılara təzyiq göstərmək, onları Ukraynanı rus şərtlərini qəbul etməyə məcbur etmək idi", - deyə ukraynalı politoloq Vladimir Fesenko "MO"ya müsahibəsində bildirib.

"İndi danışıqlar tam dalana dirənib, çıxış yolunu Kreml özü tapmalıdır. Əgər ABŞ yenidən Rusiyaya güzəştə getsə, bu dalan daha da dərinləşəcək", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31