Cənubi Qafqazda yeni güc balansı: ABŞ və Azərbaycan ittifaqı – ÖZƏL
22 Oktyabr 17:25 Siyasət"ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi Qəzza sülh sammitinə dəvət etməsi, Azərbaycan Prezidentinin və ümumilikdə Azərbaycan dövlətinin qlobal məkanda nüfuzunun və siyasi iradəsinin qəbul edilməsinin real göstəricisidir. Bu, həm də Azərbaycan dövlətinə və onun liderinə verilən böyük dəyərin təzahürüdür. Artıq Azərbaycan dünyada siyasi iradəsi qəbul olunan dövlətlərin sırasına daxil olub".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu, Azərbaycanla strateji tərəfdaşlıq etmək istəyən dövlətlərin sayını da artırıb. Hazırda Azərbaycan çoxvektorlu xarici siyasət yürüdərək bütün qütblərə daxil olan ölkələrlə qarşılıqlı münasibətləri yüksək səviyyəyə çatdırmağı bacarıb. Bu isə təbii olaraq müxtəlif güc mərkəzlərinin Cənubi Qafqaz siyasətinə də təsir göstərir. Yəni, Cənubi Qafqazda maraqları olan dövlətlərin bu regiona yönəlik yanaşma tərzinə və mövqelərinə Azərbaycan birbaşa təsir göstərir. Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycanla qarşılıqlı münasibətləri ön plana çəkməyə çalışan dövlətlərin sayı getdikcə artır. Onların sırasında ABŞ də var və son dövrlərdə ABŞ-nin Cənubi Qafqaz siyasətində ciddi dəyişikliklər müşahidə olunur.
"Bayden administrasiyası dövründə ABŞ-nin Cənubi Qafqaz siyasəti açıq şəkildə ermənipərəst xarakter daşıyırdı və əsasən Ermənistan üzərində qurulmuşdu. Biz o zamanlarda bildirirdik ki, Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra ABŞ-nin Cənubi Qafqaz siyasəti dəyişəcək, və bu, artıq baş verir. Çünki Tramp administrasiyası üçün Ermənistan və erməni faktoru demək olar ki, mövcud deyil. Tramp administrasiyası ABŞ maraqlarını ön plana çəkən və bu maraqlar çərçivəsində Azərbaycanın strateji əhəmiyyətini realist şəkildə qiymətləndirən bir administrasiyadır. Buna görə də son vaxtlar Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Ümumiyyətlə, Prezident Trampın təşəbbüsü ilə avqustun 8-də Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətninin paraflanması artıq ABŞ-nin Cənubi Qafqaz siyasətinin bir tərkib hissəsidir. ABŞ Cənubi Qafqaza strateji region kimi yanaşır və Azərbaycanı ABŞ-nin strateji tərəfdaşı kimi görür. Hazırda ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasına da hazırlıq gedir", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi vurğulayıb ki, bütün bunları nəzərə alaraq demək olar ki, ABŞ Cənubi Qafqazda strateji maraqlara sahibdir və bu maraqlar Rusiyanın regiondan sıxışdırılmasını tələb edir. Böyük ehtimalla ABŞ Cənubi Qafqaz siyasətində Azərbaycan-Türkiyə ittifaqı ilə daha sıx əməkdaşlıq etməyə çalışacaq. Yüksək ehtimalla ABŞ-nin Cənubi Qafqaz üçün müəyyənləşdirdiyi hədəflər məhz Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşdırılacaq. Hazırda müşahidə olunan proseslər də bunu təsdiqləyir.
"Məhz buna görə də Rusiya hazırda Cənubi Qafqazda öz mövqelərini bərpa etməyə çalışır və əsas hədəf kimi ABŞ-də imzalanmış Azərbaycan-Ermənistan sənədlərini görür. Eyni zamanda, Zəngəzur dəhlizinə yönəlik siyasi təbliğat kampaniyaları da aparılır. Görünən odur ki, yaxın gələcəkdə Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə ən yüksək həddə çatacaq. Bu prosesdə tərəflər olaraq bir tərəfdə Rusiya və İran, digər tərəfdə isə ABŞ, Azərbaycan və Türkiyə ittifaqının qarşı-qarşıya gəlməsi ehtimalı real görünür", - deyə E. Xalidbəyli sonda əlavə edib.
Sevda Dəniz