Aİ-nin yeni formatı: Rusiya və Çinə qarşı balans oyununun başlanğıcımı? - ÖZƏL
22 Oktyabr 17:01 SiyasətAvropa İttifaqı Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birləşdirəcək yeni əməkdaşlıq formatı yaradıb. İştirakçılar arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Moldova, Türkiyə və Ukrayna yer alır. Lüksemburqdakı sammit "Şərq Tərəfdaşlığı" proqramının əvəzlənməsi istiqamətində dönüş nöqtəsi sayılır.
Aİ-nin xüsusi nümayəndəsi Eduards Stiprais bildirib ki, "Global Gateway" çərçivəsində toplanan vəsaitlər bu layihələrə yönəldiləcək və əsas məsələ siyasi qərarların qəbuludur. Onun sözlərinə görə, Aİ-nin üstünlüyü "sərmayələrin keyfiyyəti və şəffaf şərtlərlə həyata keçirilməsindədir".
Yeni formatın yaradılması Aİ-nin bölgədə Rusiyaya qarşı siyasi balans yaratmaq cəhdi kimi dəyərləndirilə bilərmi? Azərbaycan bu platformada hansı real iqtisadi və siyasi üstünlüklər əldə edə bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Ümumiyyətlə, dünyada bir güc mübarizəsi yaşandığı bir reallıqda Avropa İttifaqı özü anladı ki, sadəcə ABŞ-ın arxasına sığınaraq dünyəvi və regional maraqlarını təmin edə bilməz. Avropa İttifaqı üçün öz maraqları hər şeydən önəmlidir və hər sahədə tam müstəqil olmalıdır ki, dünyadakı maraqlarını qoruyub saxlaya bilsin. Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı bu qərar da ona hesablanıb ki, Avropa İttifaqı bu regionlarda ABŞ olmadan maraqlarını təmin edə bilsin və ya mövcud olanları qoruyub saxlasın.
Burada məsələ nədən ibarətdir? Şərq tərəfdaşlığı naminə genişlənmə siyasəti, ki, bunun özündə ABŞ izi var idi. Yəni bu proqram həyata keçirilərkən ABŞ və Avropa İttifaqı bütün sahələrdə, xüsusən Qafqaz və Mərkəzi Asiya siyasətində ortaq mövqedən çıxış edir və bir çox məsələdə bərabər hərəkət edirdilər. İndi isə bu yeni proqram tamamilə Avropa İttifaqının özünün təmsil olunduğu bir layihə kimi qarşımıza çıxır və hədəf də açıqdır.
İqtisadi, mədəni və sosial sahələrdə inteqrasiyanı sürətləndirirlər, yəni Avropa İttifaqının regional təsirlərini gücləndirməyə çalışırlar. Bunun gələcəkdə siyasi mənada, yəni region dövlətlərinin Avropa meyilli addımlar atması ilə nəticələnməsini gözləyirlər. Hədəf və məqsəd bundan ibarətdir.
Bu addımlar, Cənubi Qafqazda Rusiyanın yenidən aktiv siyasi hərəkətlərə keçməsi halında onun təsirlərini neytrallaşdırmaq, eyni zamanda Mərkəzi Asiyada Çinin artan iqtisadi və siyasi təsirlərini azaltmaq üçün nəzərdə tutulub. Yəni, Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyadakı regional maraqlarını qorumağa çalışır.
Avropa İttifaqının belə üstünlüyü varmı? İndiki mərhələdə yeni və ağıllı addımlar atmasa, istər siyasi, istər iqtisadi, istər texnoloji cəhətdən, bu regionlarda Rusiya və Çin təsirlərindən asılılığı azaltmaq çətin görünür. Amma mümkünsüz deyil, bu, gələcəkdə atılacaq ağıllı addımların nəticəsi ola bilər.
Avropa İttifaqının bu regionlarda təsirini qoruyub saxlaya bilib-bilməməsi və ya artırması məsələsi region ölkələrinin Avropa siyasətinə nə qədər etimad göstərəcəyini müəyyən edəcək. Azərbaycan üçün bu, çox tərəflik əməkdaşlığa əsaslanan siyasətin həyata keçirilməsinə imkan verəcək, həm də regional təhlükələri azaltmaq və dünyada daha yaxşı tərəfdaşlar əldə etmək üçün yeni fürsət yaradır. Xüsusən Rusiyanın Cənubi Qafqazla bağlı daha aktiv ritorikaya başlama ehtimalı, Ukrayna müharibəsi bitəndən sonra Rusiyanın bölgədə yenidən fəallaşma perspektivi, Azərbaycanın Avropa ilə əlaqələrini daha da şərtləndirir. Bu yeni platforma Azərbaycan üçün siyasi və iqtisadi təhlükələrə qarşı yeni əlaqə və dayanışma mexanizmlərinin formalaşmasına səbəb ola bilər. İstənilən halda, bu, iqtisadi cəhətdən də əlavə dividendlər gətirəcək, xüsusən şərqdən qərbə maşrutların daha da aktivləşməsi ilə nəticələnə bilər. Bunlar reallaşarsa, Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranacaq".
Zeynəb Mustafazadə