Hər biri bir vətənpərvərlik nümunəsi...

İstiqamət: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Qalib Azərbaycan xalqı təcavüzkar Ermənistan üzərində şanlı qələbəsinin beş illiyini qeyd edir. Artıq beşinci ildir ki, separatçılığa son qoyulub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam və qəti şəkildə bərqərar olub, işğaldan azad edilmiş torpaqlarımızda Dövlət Bayrağımız dalğalanır. Silahlı Qüvvələrimizin işğala qarşı haqq savaşına qalxdığı 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Anım Günü Prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. Həmin gün doğma torpaqlarımızın işğaldan azad edildiyi, ölkəmizin sərhədlərinin təxribatlardan qurtardığı, iradəmizin güclü təməli, hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü dediyi şərəfli bir tarix kimi yad edilir. Xalqımız İkinci  Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır. Çünki, 27 sentyabr 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan azad edilməsi, o əzəli torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
Heç şübhəsiz ki,  2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Fəxrlə qeyd edilməlidir ki, torpaqlarımızın işğaldan azad edilməsində vətənpərvər oğullarımız misli görünməmiş qəhrəmanlıq nümayiş etdiriblər. Belə ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin hər biri əsil vətənpərvərlik nümunəsidir. Hazırda Azərbaycanın mübariz oğul və qızlarının göstərdiyi şücaət gənc nəslin vətənpərvər ruhda böyüməsində ideoloji baza rolunu oynayır.

Qəhrəmanlıqla döyüşərək canını Vətən yolunda fəda edən şəxslərdən biri də əslən Yardımlı rayonunun Kürəkçi kəndindən olan Elçin Elşən oğlu Mansurovdur. Qəhrəmanımız 1984-cü il noyabrın 25-də Bakıda doğulub. Birinci sinfə Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbdə başlayıb. Sonradan təhsilini Yasamal rayon 286 saylı orta məktəbdə davam etdirib. Sonuncu 8-11-ci sinifləri isə öz doğma yurdu olan Yardımlının Kürəkçi kəndində oxuyub. 2003-cü ildə Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Təhsilini bitirdikdən sonra təkmilləşdirmə kursları keçib. 2007-ci ilin  iyul ayından Tovuz rayonunda leytenant rütbəsi alaraq kəşfiyyatçı kimi xidmətə başlayıb. Ömrünün böyük hissəsini hərb sənətinə və Vətənə xidmətə həsr edən Elçin Mansurov Tovuz, Murovdağ, Göygöl və Füzuli rayonlarında xidmət edib. O, kəşfiyyatçı olduğu müddətdə düşmən tərəfinə keçir və hər dəfə səfərləri "qanla" bitərmiş. Düşmən ona ləqəb də qoyub. Həmçinin, onu döyüş yoldaşları "Kəşfiyyatın vuran əli", "Tənha canavar", "Boz qurd" da adlandırıblar. 13 illik xidməti dövründə 6 medalla, dəfələrlə fəxri fərmanla təltif olunub. 2020-ci ilin yayında mayor rütbəsinə yüksəlib. Mayor Elçin Mansurov həm də 2016-cı ildə "Aprel savaşı"nda da cəsurluğunu sübut etmişdi. Elçin Mansurov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vətən müharibəsində Elçinin komandirliyi altında 24 nəfərlik qrupdan ibarət heyət heç bir itki vermədən düşmən postunu ələ keçirib. Yenə də sonrakı döyüşlərdə 17 şəhid, 5 yaralı olmaqla qisa müddət ərzində düşmənin olduqca strateji əhəmiyyətli 3 postunu ələ keçirib, 30 ildən sonra azad olunmus mövqeyə bayrağımızı sancıb. İkinci hücum zamanı isə, cəmi 45 dəqiqə ərzində, düşmənin 2 tağımını darmadağın etdib. Sonra qorxmaz qəhrəmanımız mayor Elçin Mansurov tabeçiliyində olan qrupdan ayrılaraq, düşmən bölmələrinin yerləşdiyi dərinliklərə təkbaşına hücum edərək, daha 22 düşmən əsgərini tək başına məhv edib geri qayıdan zaman 27 sentyabr tarixində "Buğra dərəsi" adlanan ərazidə düşmən snayperi tərəfindən vurularaq şəhidlik zirvəsinə yüksəlib. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elçin Mansurov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətən yolunda canından keçən digər qəhrəmanımız Məmiyev Valeh İsbat oğlu 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəçi kəndində anadan olub. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Valeh Məmiyevdir. Valeh hələ uşaqlıqdan hərbçi olacam deyirdi, ürəyi həmişə vətən sevgisi ilə döyünürdü, və 6-7 yaşları olanda hərbi forma geyinər, "mən komandir olacam" deyərdi. Torpağlarımız işğaldadır, biz burda rahat oturmamalıyıq, əlimizdən gələn hər şeyi etməliyik deyirdi. 2015-ci il dekabr ayında leytenant rütbəsi ilə tank tağım komandiri kimi vətənə xidmətə başlamışdır. 2018-ci ildə tank bölük komandiri vəzifəsinə yüksəlmişdir. Xidmət etdiyi müddətdə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubileyi medalı ilə və 2020-ci il Türk- Azərbaycan təlimlərində iştirak etmiş, təlimlərin sonunda Türkiyə Müdafiə Naziri Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə təltif olunmuşdur. Vətən Müharibəsində iştirak etmiş və 23 oktyabr Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə" və  "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə gənclərə nümunə olan Sahratov Cavid Əlikömək oğlu 1981-ci il dekabrın 23-də Yardımlı rayonunun Əsədabad kəndində anadan olub. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də gizir Cavid Sahratovdur. 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 2005-ci ildən gizir rütbəsi ilə tank komandiri vəzifəsində hərbi xidmətin davam etdirmiş, xidmətdə olduğu müddətdə qüsursuz xidmətinə görə "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubileyi", "Azərbaycan Ordusunun 95 illiyi (1918-2013) Azərbaycan Respublikasının yubileyi", "Qüsursuz xidmətə görə 3-cü dərəcəli", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubileyi", "Qüsursuz xidmətinə görə 2-ci dərəcəli" medalları ilə təltif olunmuşdur. Vətən Müharibəsində iştirak etmiş və 9 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən Uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Fəxarətlə qeyd edilməlidir ki, Azərbaycanın müasir tarixi xalqımızın qəhrəmanlıq, iradə və milli həmrəyliyinin parlaq səhifələri ilə zəngindir. Bu tarixdə elə anlar var ki, bütöv bir dövrün rəmzinə çevrilir, millətin taleyində dönüş nöqtəsi,  vətənpərvərliyin tərənnümündə isə nümunə olur. 

Alim Hüseynli 
 Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31