Qarşılıqlı səfərlər Türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət daşıyır- ÖZƏL
13:06 Siyasət"Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində "Kazinform" agentliyinə müsahibəsi iki qardaş ölkə arasında mövcud olan çoxşaxəli münasibətlərin dərin məzmununu və strateji istiqamətini bir daha nümayiş etdirir. Dövlətimizin başçısının vurğuladığı kimi, siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "İki ölkə arasında son illərdə intensiv səviyyədə aparılan siyasi dialoq, dövlət başçılarının çoxsaylı qarşılıqlı səfərləri və mütəmadi təmaslar bu münasibətlərin gücünü artırır. Bu, son üç ildə Prezident İlham Əliyevin Qazaxıstana yeddinci səfəridir. Eyni zamanda, dost ölkənin dövlət başçısı Kasım-Jomart Tokayev altı dəfə ölkəmizə səfər edib. Müsbət dinamika prezidentlərin qarşılıqlı etimad və strateji əlaqələrin dərinləşdirilməsinə verdiyi yüksək önəmin göstəricisidir. Belə müntəzəm təmaslar həm ikitərəfli münasibətləri gücləndirir, həm də regional və beynəlxalq gündəlikdə aktual məsələlərin operativ həlli üçün mühüm platforma yaradır. Bütün bunlar Türk dünyasının birliyi və inteqrasiyasının möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev müsahibəsində Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin inşasına görə Qazaxıstana təşəkkürünü ifadə edib. Qardaş ölkə tərəfindən hədiyyə olunan bu mərkəzdə hazırda 100-ə yaxın uşağa təhsil alır və işğaldan azad edilmiş ərazilərdə bərpa olunan mədəni həyatın təntənəsinə çevrilib. Bu fakt iki xalq arasında mədəni-humanitar əməkdaşlığın bariz nümunəsidir.
Azərbaycan-Qazaxıstan münasibətləri 20 il öncə imzalanmış Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə üzərində qurulub. Dövlətimizin başçısı qeyd edib ki, biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq. Bu sənədlər əsasında siyasi-iqtisadi, investisiya, mədəni və digər sahələrdə davamlı əməkdaşlıq mexanizmləri formalaşıb. Həmin müqavilə gələcək tərəfdaşlıq üçün möhkəm təməl və etimadın təzahürü kimi dəyərləndirilir".