Ermənistanda sülhün perspektivlərini şübhə altına alan revanşistlərə ciddi zərbə

Qüdrət Həsənquliyev: "İlham Əliyev bu qərarı ilə sülhə böyük töhfə verdi"

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. "Olaylar" müsahibəni təqdim edir:
- Qüdrət bəy, Azərbaycan Respublikası Prezidentinin Qazaxıstana səfərinə münasibətinizi öyrənmək istərdik...
- Prezidentin qardaş Qazaxıstana səfəri və imzalanan sənədlər xalqımızın rifahı və türk xalqlarının birliyi üçün böyük əhəmiyyət kəsb edir. İnsanlarımız qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət edən bu cür səfərlərdən daxili rahatlıq tapır, gələcəyə böyük ümidlə baxır, türk xalqlarının birliyinə, xoşbəxt gələciyənə inanırlar. Həyatımızın demək olar ki, bütün sahələrini əhatə edən imzalanmış çoxsaylı sazişlər iki qardaş xalqı daha da yaxınlaşdıracaq, türk dövlətlərinin inteqrasiyasına böyük töhfə verəcək. Azərbaycan türk xalqlarının yaxınlaşmasına xidmət etməkdə xüsusi fəaliyyəti ilə seçilən ölkədir, türk dünyasının mərkəzidir. Böyük tarix yazılır, gələcək nəsillər bu şanlı səhifəni yazanlara həmişə minnətdar olacaq.
- Ermənistana Azərbaycan üzərindən yüklərin daşınmasına icazə verilməsini necə dəyərləndirirsiniz?
- İlham Əliyev bu qərarı ilə sülhə böyük töhfə verdi, Ermənistanda sülhün perspektivlərini şübhə altına alan revanşistlərə ciddi zərbə vurdu. Sülh istəyən Baş nazir Paşinyanın mövqelərini seçkilər öncəsi xeyli gücləndirdi. Azərbaycan növbəti dəfə milli maraqlara xidmət edən müstəqil xarici siyasətini nümayiş etdirdi. Biz yükdaşımalardan həm də əlavə vəsait əldə edəcəyik. Bundan sonra qardaş Türkiyə də Ermənistanla kommunikasiya xətlərini açmalı, Ermənistanla diplomatik əlaqələr qurmalıdır. Bu regionun təhlükəsizliyi və inkişafı üçün çox vacibdir. Artıq Azərbaycan münasibətlərində gərginlik olan bütün qonşuları ilə, o cümlədən Qərblə münasibətlərini tənzimləyir. Bu siyasət region xalqlarının daha sıx inteqrasiyasına, inkişafına və təhlükəsizliyinə böyük töhfə verəcək. Regionda yaşayan Azərbaycan türklərinin milli birliyinə, canlı təmasların qurulmasına yol açacaq. Qonşularla dostluq münasibətləri təhlükəsizliyə olan təhdidləri aradan qaldıracaq, hökumətin bu istiqamətdə narahatlıqlarına son qoyacaq, quru sərhədlərinin açılmasını sürətləndirəcək. Ümid edirəm ki, xarici siyasətdə qazanılan uğurlar daxildə islahatları sürətləndirəcək, ölkəmiz regionun ən azad və ən güclü ölkələrindən birinə çevriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31