Prezident İlham Əliyevin bu qərarı diplomatiyanın ən ali formasını təcəssüm etdirir- ÖZƏL

Prezident İlham Əliyev Qazaxıstana səfəri zamanı bəyan edib ki, "Azərbaycan bu gündən, Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırır. İlk belə tranzit yük, Qazaxıstan taxılının Ermənistana göndərilməsi olacaq". Azərbaycanın rəsmi mövqeyinə caba olaraq Ermənistanın Baş Nazir Ofisindən bildirilib ki: "Ermənistan Azərbaycana, tranzit məhdudiyyətləri aradan qaldırdığı üçün təşəkkür edir. Eyni zamanda Ermənistan da, bu sülhpərvər addıma adekvat cavab verəcək".
 "Olaylar"ın məlumatıma görə, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rəşad Mahmudov qeyd edib ki, bu qərar uzun illərin ağrısını, düşmənçiliyin kölgəsini və qorxunun sərhədlərini aşan bir iradənin təzahürüdür: "Bu gün daşınan yük, sadəcə taxıl deyil, illərlə qapanmış yolların, qarşılıqlı nifrətin, donmuş münasibətlərin və sükutun arasından doğan ümidin yüküdür. Prezident İlham Əliyevin bu qərarı, diplomatiyanın ən ali formasını - sülhü əməl ilə göstərməyi təcəssüm etdirir. Çünki həqiqi güc, qılıncın ucunda deyil, əlin uzandığı yerdə gizlidir.
Ermənistan tərəfinin təşəkkürü isə bu uzadılmış əlin qarşısında qarşılıqlı addım atmağın başlanğıcıdır. Bu dəfə tarix, düşmənçiliyin yox, bəşəriyyətin xeyrinə atılan addımı yazır! Bölgədə davamlı sülh və etimad mühitinin bərqərar olması üçün atılan hər addım, gələcək nəsillərin təhlükəsizliyi və rifahı naminə dəyərləndirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31