Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar (FOTO)

Oktyabrın 20-də Xankəndidə "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciəti qəbul edilib.

Olaylar xəbər verir ki, müraciəti "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva oxuyub.

Müraciətdə bildirilib: "Biz azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsinin bəxtiyarlığı içərisindəyik. Forumda yüzlərlə QHT təmsilçisi vahid platformada olduqca aktual mövzularda faydalı müzakirələr apardı, təcrübə, bilik mübadiləsi etdi, qənaətlərini bölüşdü.

Sizin QHT sektoruna diqqətinizdən irəli gələrək, genişlənən imkanların, yaradılan şəraitin nəticəsidir ki, artıq Azərbaycan QHT-ləri dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib, regionda böyük nüfuz qazanıb".

Vurğulanıb ki, dünya əhalisinin 80 faizinin yaşadığı Qlobal Cənub məkanında vətəndaş cəmiyyətlərinin yekdil rəyi ilə təsis olunmuş Qlobal Cənub QHT Platforması daimi mənzil-qərargahı kimi Bakını müəyyən edib. Bu, qlobal müstəvidə Azərbaycan QHT-lərinə münasibətdə formalaşan yeni baxışın real nümunəsidir.

Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsi, tarixi bəhrəsidir. İşğaldan azad olunmuş ərazilərdə - 30 il müddətində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb, proses sürətlə davam etdirilir. Azərbaycan postmünaqişə dövründə şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz nümunə, model yaradıb. Təsadüfi deyil ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası gələn il məhz Azərbaycanda keçiriləcək.

Qeyd olunub ki, Azərbaycan QHT-ləri Ümumdünya Şəhərsalma Forumunda fəal iştiraka ciddi hazırlaşır. COP29-da əldə edilmiş təcrübə bu prosesdə QHT-lərə olduqca böyük fayda verir.

Bu gün süni intellekt və rəqəmsal həllər dövründə "rəqəmsal QHT" konsepsiyası tamamilə fərqli müstəvidə iş aparmağa, daha ciddi ölçüləbilən nəticələr əldə etməyə, səmərəliliyi xeyli yüksəltməyə şərait yaradır.

"Biz Azərbaycanı qələbədən-qələbəyə aparan siyasətinizi tam müdafiə edir, müharibənin qalibi və sülhün müəllifi kimi Sizin tarixi missiyanızı alqışlayırıq", - deyə bildirilən müraciətdə, həmçinin deyilir ki, bu il avqustun 8-də keçirilmiş Vaşinqton Zirvə Görüşü də "Konstitusiya və Suverenlik İli"nin Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcəyini sübut edir.

"Təkcə son 1 ayda 4 qlobal toplantıda - Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında, Kopenhagendə "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında, Azərbaycanın ev sahibliyi ilə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə Görüşündə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Misirdə Yaxın Şərq Sülh Sammitində Sizin iştirakınız dünya miqyasında qazandığınız böyük nüfuzu, dərin hörməti, Azərbaycanın qlobal proseslərdə artan rolunu nümayiş etdirir", - deyə iştirakçılar qeyd ediblər.

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar (FOTO)

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar (FOTO)
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar (FOTO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31